Mədəniyyət Nazirliyinin təşkilatçılığı və maliyyə dəstəyi ilə regionlara təşkil edilən qastrol səfərləri proqramına uyğun olaraq, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Qadınım” tamaşası ilə çıxış edib.
Teatrdan bildirilib ki, Türk dünyasının tanınmış yazıçı-dramaturqu Tuncər Çücənoğlunun “Matryoşka” pyesi əsasında hazırlanan tamaşanın quruluşçu rejissoru İradə Gözəlovadır.
“Qadınım”da Əməkdar artist Nigar Şahmuradova, gənc aktyorlar Əmrah Dadaşov və Gültac Əlili, həmçinin teatrın xor artistləri iştirak ediblər. Səhnə əsərinin quruluşçu rəssamı Vüsal Rəhim, xormeysteri Məlahət Qasımova, Videoqrafı Murad Həsənov, musiqi tərtibatçısı Əmrah Dadaşovdur.