Dekabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində “MDB ölkələri xalqlarının epos mədəniyyəti: ənənə və çağırışlar” mövzusunda beynəlxalq elmi konfrans keçirilib.
Akademiyadan bildirilib ki, tədbiri açan AMEA-nın prezidenti akademik İsa Həbibbəyli bu konfransın keçirilməsi barədə hələ bir neçə il öncə AMEA-da MDB dövlətlərinin alimlərinin iştirakı ilə baş tutmuş “Qayaüstü mədəniyyət: mif, rəsm və dünya” mövzusunda beynəlxalq tədbirdə razılığa gəlindiyini bildirib. Sonrakı illərdə dövlətlərarası danışıqların davam etdirilməsi nəticəsində bu gün geniş heyətlə belə bir tədbirin baş tutduğunu diqqətə çatdırıb.
AMEA rəhbəri bir neçə il öncə Pakistan Ədəbiyyat Akademiyası tərəfindən “Kitabi-Dədə Qorqud” dastanının urdu dilinə tərcümə olunduğunu və qardaş ölkədə geniş təqdimatının keçirildiyini söyləyib. Hazırda isə Cənubi koreyalı mütəxəssislər tərəfindən “Kitabi-Dədə Qorqud” dastanının Koreya dilinə tərcümə edilməsi istiqamətində işlərin davam etdirildiyini bildirib.
“Türk xalqlarının ortaq eposu mədəniyyəti Asiya xalqlarının eposu üçün bir növ açar rolunu oynayır”, - deyə bildirən akademik İsa Həbibbəyli bugünkü tədbirdə də sanballı məruzələrin dinləniləcəyini söyləyib, konfransın işinə uğurlar arzulayıb.
Daha sonra tədbirdə AMEA-nın Folklor İnstitutunun şöbə müdiri professor Ramazan Qafarlının “Kitabi-Dədə Qorqud”da zaman, məkan və kəmiyyət vəhdəti (xronotoplar və uzunluq toposları)”, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professoru, Rusiya Elmlər Akademiyası Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aparıcı elmi işçisi filologiya elmləri doktoru Abuzər Bağırovun “İqor polku” dastanı haqqında söz: əfsanə və reallıqlar”, Folklor İnstitutunun şöbə müdiri professor Füzuli Bayatın “Koroğlu: mifik qəhrəmandan haqq arayan epik qəhrəmana” mövzusunda məruzələri dinlənilib. Konfransda, həmçinin Özbəkistan Milli Elmlər Akademiyasının Özbək Dili, Ədəbiyyatı və Folkloru İnstitutundan dosent Gülnaz Sattarovanın “Özbək dastançılıq ənənələri və müasir dövr”, Abay Qazax Milli Pedaqoji Universitetindən Janakul Sametovanın “Qazax epos yaradıcılığı” və AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi işlər üzrə direktor müavini dosent Mehman Həsənlinin “Çingiz Aytmatov yaradıcılığında epos motivləri” mövzularında məruzələri təqdim olunub.
Sonra çıxış edən Asiya Elmlər Akademiyası və Cəmiyyətləri Assosiasiyasının prezidenti professor Əhməd Nuri Yurdusev qurumun fəaliyyətində ədəbiyyatla bağlı tədbirlərin, layihələrin azlıq təşkil etdiyini, Azərbaycan Milli Elmlər Akademiyasının Asiya xalqlarının ədəbiyyatına dair keçirdiyi beynəlxalq konfransın, eyni zamanda, Assosiasiyada bu sahədəki boşluğu dolduracağını və gələcək layihələrə təkan verəcəyini söyləyib.
Konfransın olduqca önəmli mövzuya həsr edildiyini bildirən Əhməd Nuri Yurdusev eposların cəmiyyətlərin tarixini bilmək baxımından yazılı qaynaqlar qədər önəmli olduğunu vurğulayıb. Həmçinin yazılı qaynaqlardan fərqli olaraq, epos mədəniyyətinin cəmiyyətin bütün təbəqələrini əhatə etməsi ilə daha geniş təsirə malik olduğunu bildirib.
Çıxışlardan sonra qonaqlar AMEA Rəyasət Heyətinin binası ilə tanış olublar.