Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyindəki kütləvi kitabxanalarda tətbiq edilən KOHA Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemi ilə işin təkmilləşdirilməsi məqsədilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Kitabxanalar və Yayımlar Baş İdarəsinin Texniki xidmətlər şöbəsinin müdiri Hülya Dirican, şöbənin əməkdaşları Fərhad Öztürk və İsmail Karaca Milli Kitabxanaya dəvət ediliblər.

Bu məqsədlə dekabrın 18-də Azərbaycan Milli Kitabxanasında tədbir təşkil olunub.

Milli Kitabxananın direktoru professor Kərim Tahirov bildirib ki, KOHA sisteminin region kitabxanalarında tətbiqi artıq iki ildir həyata keçirilir və bu, kitabxanalara əlaqəli şəkildə işləmək imkanı yaradır. Qeyd edilib ki, Türkiyədən dəvət edilən mütəxəssislərlə təcrübi xarakter daşıyacaq təlimdə məqsəd qarşıya çıxan problemlərin birgə həllidir.

Mədəniyyət Nazirliyi Kitab sənayesi şöbəsinin sektor müdiri Xəyal Məmmədov bu sistemin dünyanın 100-dən artıq ölkəsində tətbiq edildiyini deyib. O, nazirliyin tabeliyindəki kütləvi kitabxanalarda bu sistemin tətbiqi istiqamətində görülən işlərdən danışıb. Bildirilib ki, Azərbaycan Milli Kitabxanasının Treninq mərkəzində keçirilən təlimdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Nərimanov, Xətai, Səbail, Yasamal, Qaradağ, Binəqədi, Xəzər, Nəsimi, Suraxanı, Nizami, Sabunçu rayon mərkəzləşdirilmiş kitabxana sistemləri və M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanasından əməkdaşlar iştirak ediblər.

Növbəti təlimlər dekabrın 19-da Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Gəncə, Naftalan şəhər və Daşkəsən, Goranboy, Göygöl, Samux rayon mərkəzləşdirilmiş kitabxana sistemlərinin əməkdaşları üçün Gəncə şəhər MKS-nin Mərkəzi Kitabxanasında, dekabrın 20-də isə Quba-Xaçmaz Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Xaçmaz, Quba, Qusar, Siyəzən, Şabran rayon MKS-lərinin əməkdaşları üçün Quba rayon MKS-nin Mərkəzi Kitabxanasında keçiriləcək.

Dekabrın 21-də isə mütəxəssislər Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Səbail rayon MKS-nin Mərkəzi Kitabxanası, C.Cabbarlı adına Respublika Gənclər Kitabxanası və F.Köçərli adına Respublika Uşaq Kitabxanasında sistemin iş vəziyyəti ilə tanış olacaq, tövsiyələrini verəcəklər.