Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) yaradılmasının 80 illiyinə həsr olunmuş “Humanitar və ictimai elmlər yeni tarixi mərhələ müstəvisində” mövzusunda respublika elmi konfransı keçirilib. Konfrans AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası və Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb.

Bu barədə AMEA-dan bildirilib. Əlyazmalar İnstitutunda keçirilən konfransın plenar iclasında müəssisənin direktoru akademik Teymur Kərimli AMEA-nın elmi ənənələrin qorunub saxlanılması, yeniləşmə proseslərinin daha da genişləndirilməsi, elmin inkişafı istiqamətində əvəzsiz xidmətlərindən bəhs edib. Gənclərimizin cəmiyyətdə fəallığını və idarəetmədə rolunu xüsusilə vurğulayan alim çıxışında dahi Nizami Gəncəvinin milli təəssübkeşlik, vətənpərvərlik və mənəvi-əxlaqi dəyərləri özündə əks etdirən əsərlərindən nümunələr gətirərək ölkəmizdə sağlam düşüncəli, mənəvi cəhətdən saf və dövlətçilik ideyalarına sadiq bir nəslin formalaşdığını qeyd edib. T.Kərimli AMEA-nın 80 illik yubileyinə həsr olunmuş bu konfransın məhz gənclər tərəfindən keçirilməsini təqdir edib.

AMEA Gənc Alim və Mütəxəssislər Şurasının sədri Elmir Babayev və sədr müavini Şəfa Əliyeva çıxışlarında il ərzində ölkənin bir sıra aparıcı elmi-tədqiqat müəssisələri ilə birgə təşkil etdikləri konfranslar, simpoziumlar və maarifləndirici seminarlardan söz açıblar.

Əlyazmalar İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının sədri, Elektron xidmətlər şöbəsinin müdiri Səadət Mustafayeva çıxışında respublika əhəmiyyətli tədbirlərin təşkilinin yeni yanaşma və metodologiyaların mənimsənilməsi baxımından xüsusi mahiyyət kəsb etdiyini diqqətə çatdırıb.

Konfransda Əlyazmalar İnstitutunun şöbə müdiri Sevinc Həzrətquliyevanın “Banu-Hilal” dastanını əhatə edən dövrdə Ərəbistan yarımadasındakı qadınların vəziyyəti” və AMEA Rəyasət Heyəti aparatının baş mütəxəssisi Zeynəb Həcəmovanın “İdarəetmədə sosial qavrayış və anlamanın ictimai münasibətlərin genezisi kimi sosial-psixoloji təhlili” mövzularında məruzələri dinlənilib.

Daha sonra konfrans bölmə iclasları ilə davam edib.

Tədbir çərçivəsində iştirakçılar institutun fondunda mühafizə olunan əlyazma nümunələri, Ekspozisiya zalı, Əlyazmaların gigiyena və bərpası laboratoriyası ilə tanış olublar.