Dekabrın 20-də Mədəniyyət Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı və Bülbül Vokal Məktəbinin təqdimatında dördüncü dəfə Azərbaycan Vokalçıları Festivalına start verilib.
Festival Azərbaycan klassik vokal musiqisinin inkişafı və təbliği, gənc nəsildə yüksək musiqi zövqünün formalaşdırılması məqsədilə keçirilir.
Festivalın ilk günü Azərbaycan Milli Konservatoriyasında tələbələrin iştirakı ilə "Bülbül irsi" adlı konsert proqramı və "Azərbaycan milli vokalı" adlı elmi seminar keçirilib. Seminarda sənətşünaslıq üzrə fəlsəfə doktoru, Azərbaycan Milli Konservatoriyasının professoru, konservatoriyanın elmi işlər üzrə prorektoru Lalə Hüseynova, Aleksandriya Sultan von Brüseldorff və Əməkdar artist Ramil Qasımov çıxış ediblər.
Həmçinin Bülbül Fondunda Bülbül Vokal Məktəbinin tələbələrindən ibarət konsert proqramı baş tutub. Konsertdə dünya və Azərbaycan bəstəkarlarının əsərləri səsləndirilib.
Festivalın proqramına tanınmış opera müğənnisi Şahlar Quliyevin (1946–2024) xatirəsinə həsr olunmuş konsert, Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında Xalq artisti Sevinc İbrahimovanın solo konserti, eləcə də kamera musiqisi, ariya və romanslardan ibarət konsertlər də daxildir. Festivalın bağlanış mərasimi dekabrın 24-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçiriləcək.