Beynəlxalq Muğam Mərkəzində “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin 2024-cü ilin yekunlarına dair hesabat toplantısı keçirilib. Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra il ərzində ərsəyə gələn layihələri və könüllülük fəaliyyətini əhatə edən videoçarx təqdim olunub.
Toplantıda açılış nitqi söyləyən mədəniyyət nazirinin müavini Murad Hüseynov təşkilatın fəaliyyətini yüksək qiymətləndirib, onlara gələcək işlərində uğurlar arzulayıb.
Daha sonra Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, Təşəbbüslər və Layihələr Mərkəzinin direktoru Ceyhun Osmanlı, Əməkdar incəsənət xadimi, şair Baba Vəziroğlu, Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev çıxış edərək İB-nin fəaliyyəti haqqında fikirlərini bölüşüblər.
“Mədəniyyət Könüllüləri” İB-nin sədri, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülviyyə Bəbirli hesabat nitqi söyləyib. O, həmçinin müxtəlif qurumların rəhbərlərini İB ilə davamlı və səmərəli əməkdaşlığına, könüllülərin fəaliyyətinə göstərdikləri dəstəyə görə təltif edib.
Tədbirdə il ərzindəki fəaliyyətlərinə görə 10 mədəniyyət könüllüsü “İlin mədəniyyət könüllüləri” mükafatı ilə təltif olunub.
Toplantı mədəniyyət könüllülərinin fəxri üzvü müğənni İlkin Dövlətov və pianoçu Bəbir Bəbirlinin ifası ilə sona çatıb.
Qeyd edək ki, “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin məqsədi, mədəniyyət və incəsənət sahələrində könüllülərin fəaliyyətini təşviq etmək, dövlət tərəfindən həyata keçirilən tədbirləri təbliğ etmək, istedadlı şəxslərin peşəkar inkişafına şərait yaradaraq onların innovativ təşəbbüslərini dəstəkləmək, tarix və mədəniyyət abidələrinin qorunması, nəşriyyat və kinematoqrafiya sahələrində maarifləndirmə işi aparmaq, mədəni və sosial layihələr həyata keçirməkdir.