Dekabrın 23-də AMEA-nın Mərkəzi Elmi Kitabxanasında tarixçi-alim, Milli Məclisin sədr müavini, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlının “İlham Əliyev və müstəqil Azərbaycanın ilkləri (2003–2024)” kitabının təqdimat mərasimi keçirilib.
Tədbirin açılışında çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qazandığı tarixi Zəfərlərdən danışıb, ictimaiyyətə təqdim olunan kitabın elmi və siyasi əhəmiyyətini qeyd edib. Bildirib ki, kitabda Prezident İlham Əliyevin çoxşaxəli və səmərəli fəaliyyəti elmi əsaslarla geniş şəkildə əks olunub. Bu nəşr müəllifin elmi fikir və düşüncələri ilə yanaşı, bilavasitə müşahidə etdiyi beynəlxalq münasibətlər prosesinə təhlilli yanaşmasının məhsulu kimi də maraq doğurur.
Prezident İlham Əliyevin Azərbaycan tarixində indiyədək görünməyən mühüm uğurlara imza atdığını vurğulayan AMEA rəhbəri bütün bu nailiyyətlərin əsərdə yüksək səviyyədə təqdim olunduğunu diqqətə çatdırıb.
Akademik bildirib ki, kitabda dövlətimizin başçısının müstəqil Azərbaycanın hərtərəfli inkişafına yönəlmiş siyasi fəaliyyəti xüsusi yer tutur. Müəllif Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin müstəqillik tarixində yaratdığı ilkləri, onun dünya miqyasında və qlobal cəmiyyətdə yüksək nüfuzunu, Türk dünyasında layiqli yerini, eləcə də dövlətimizin başçısının parlaq obrazını hərtərəfli işıqlandırıb. AMEA-nın müxbir üzvü Musa Qasımlı bu kitabda Prezidentin mükəmməl, əzəmətli, orijinal portretini öz qələminin gücü ilə yarada bilib.
Daha sonra nəşrin rəyçilərindən biri - AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri dosent Elnur Kəlbizadə kitab haqqında ətraflı məlumat verib. Bildirib ki, əsərin aydın konsepsiyası və məntiqi ardıcıllıqla inkişaf etdirilmiş süjet xətti var. Monoqrafiyanın birinci fəsli “İlham Əliyevin müstəqil dövlətçilik baxışlarının formalaşmasına təsir edən amillər”, ikinci fəsli “Dövlət rəhbərliyinə aparan yol və qarşıda dayanan əsas vəzifələr” adlanır. Burada Azərbaycan Prezidenti seçilənə qədər olan illərdə İlham Əliyevin nadir təşkilatçılıq qabiliyyətindən bəhs edilib. Azərbaycanın neft siyasətinin uğurla reallaşmasında onun rolu konkret faktlar əsasında tədqiq olunub, Milli Olimpiya Komitəsinin prezidenti kimi ölkədə olimpiya hərəkatının genişlənməsində xidmətləri təsvir edilib. Həmçinin İlham Əliyevin siyasi proseslərin mərkəzinə gəlməsi, Yeni Azərbaycan Partiyasının sədrinin birinci müavini olması, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsi nəşrdə tədqiq edilib.
Monoqrafiyanın üçüncü fəslində ideyaların sistemli politoloji və tarixi təhlili aparılıb. IV fəsildə isə qeyd edilib ki, İlham Əliyevin tariximizə gətirdiyi digər bir ilk məhz BMT ilə bağlıdır. O, BMT ilə əməkdaşlığa dinamizm gətirib. Bunun da nəticəsində Azərbaycan tarixində ilk dəfə olaraq 2011-ci ildə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilib, iki il müddətində dünyanı idarə edən, dünya geosiyasətinin ən aktual problemlərini müzakirə edən dövlətlərdən birinə çevrilib.
“V fəsildə dövlətin tarixinə Prezident İlham Əliyevin siyasəti nəticəsində qızıl hərflərlə həkk olunan digər ilklərdən bəhs olunub. Nəşrin VI fəslində Türk Dövlətləri Əməkdaşlıq təşkilatının qurulması, qarşıda dayanan hədəflər, türk birliyinin geosiyasi amilə çevrilməsində İlham Əliyevin rolundan danışılıb. VII fəsildə isə müəllif, ilk növbədə, niyə Prezident İlham Əliyevin Azərbaycanı kosmik klubun üzvünə çevirmək istəməsi sualını cavablandırıb, kosmik peyklərin Azərbaycana qazandırdığı yeni imkanlar və üstünlüklərdən bəhs edib”, - deyə alim vurğulayıb.
Elnur Kəlbizadə əlavə edib ki, monoqrafiyanın VIII fəslində Avroviziya musiqi yarışmasının, I Avropa Oyunlarının, IV İslam Həmrəyliyi Oyunlarının Azərbaycanda keçirilməsinin Prezident İlham Əliyevin yürütdüyü siyasətin mədəniyyət və idman sahəsində beynəlxalq əks-səda yaratmasında bəhs olunub. Eks-prezidentlər haqqında qanunun qəbul edilməsi ilə dövlətçilikdə yeni ənənənin əsası qoyulub. Kitabın IX fəslində dövlət suverenliyinin bərqərar edilməsinə gedən yol, atılan addımlar diqqətə çatdırılıb, eyni zamanda, qazanılan möhtəşəm Qələbədən sonra Azərbaycan üçün yaranan imkanlar və potensial təhdidlər məsələsinə toxunulub.
Tədbirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri professor Anar İsgəndərov, Milli Məclisin İnsan hüquqları komitəsinin sədri, Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri Zahid Oruc, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədr müavini Azər Badamov və AMEA Qafqazşünaslıq İnstitutunun şöbə müdiri tarix üzrə fəlsəfə doktoru Günel Musayeva çıxış edərək “İlham Əliyev və müstəqil Azərbaycanın ilkləri (2003–2024)” kitabının nəşrinin respublikamızın siyasi və mədəni həyatında böyük hadisə olduğunu diqqətə çatdırıblar.
Azərbaycan Prezidentinin yorulmaz fəaliyyətini faktlarla işıqlandıran bu sanballı əsərin mükəmməl formata malik dəyərli elmi mənbə olduğu bildirilib.
Sonda kitabın müəllifi Milli Məclisin sədr müavini AMEA-nın müxbir üzvü Musa Qasımlı nəşrin məziyyətlərindan danışıb. O, əsərin ərsəyə gəlməsində əməyi olan şəxslərə, tədbirin təşkilatçılarına və iştirakçılarına dərin minnətdarlığını bildirib.