Azərbaycan Yazıçılar Birliyinin fəaliyyəti təkcə paytaxtın ədəbi mühiti ilə məhdudlaşmır. Müstəqillik illərində bölgələrdə Yazıçılar Birliyinin fəaliyyəti daha da qol-qonad atıb, inkişaf edib. Son 30 ildə Yazıçılar Birliyinin regionlarda 20-yə qədər bölməsi açılıb. Bunlardan biri də Mingəçevir bölməsidir. Ədəbiyyat dünyasına 25 il əvvəl vəsiqə alan həmin bölmə Mingəçevirdə yaşayan yazarları bir yerə toplayıb, onların fəal ədəbi fəaliyyətlə məşğul olmasına şərait yaradıb.

Bu barədə dekabrın 23-də Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Mingəçevir bölməsinin 25 illiyi münasibətilə keçirilən yubiley tədbirində danışılıb.

Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin katibi İlqar Fəhmi, Milli Məclisin deputatı Aydın Mirzəzəzadə, filologiya elmləri doktoru, professor Rüstəm Kamal, “Kredo” qəzetinin baş redaktoru şair-publisist Əlirza Xələfli Mingəçevir ədəbi mühiti, bölgədə yaşayıb yaradan ədəbi qüvvələr, onların yaradıcılığı haqqında danışıb, bir-birinin ardınca işıq üzü görən “Aranın söz sovqatı”, “Uzaqdan gələn səs” və “Bir ocağın şöləsiyik”, “Ruhumuzun yaz havası” almanaxları barədə fikirlərini bölüşüblər. Qeyd edilib ki, həmin silsilənin davamı olan “Söz yaddaşı” almanaxı bölgənin yaradıcı ziyalılarının növbəti yaradıcılıq hesabatıdır.

Filologiya elmləri üzrə fəlsəfə doktoru Tariyel Abbasov, tanınmış şair Adil Cəmil, tədqiqatçı Əjdər Yunus və başqaları çıxış edərək işıq şəhəri kimi tanınan Mingəçevir ədəbi mühitindən danışıblar. Qeyd olunub ki, Mingəçevir haqında düşünəndə Mikayıl Müşfiqin şəhərə həsr etdiyi poema və Səməd Vurğunun “Muğan” poeması yada düşür. Nə yaxşı ki, bölgənin yaradıcı ziyalıları həmin ənənəni yaşadır və ona yeni çalarlar əlavə edirlər.

Çıxışlarda Azərbaycan Yazıçılar Birliyinin Mingəçevir bölməsinin sədri şair İsmayıl İmanzadənin bu işdə xüsusi rolu vurğulanıb. Onun bölgədə ədəbi mühitinin formalaşmasında, yaradıcı gənclərin üzə çıxarılması və istiqamətləndirilməsində səmərəli fəaliyyət göstərdiyi bildirilib. Belə bir inam hissi ifadə olunub ki, Mingəçevirdəı şölə saçan söz ocağı ədəbiyyat səmasında bundan sonra da öz işığını saçacaq.

Yubiley münasibətilə yeni çapdan çıxan “25-ci addım” söz sovqatı və “Söz yaddaşı” almanaxı tədbir iştirakçılarını paylanılıb.