Dekabrın 23-də Milli Kitabxanada Koha Avtomatlaşdırılmış Kitabxana-İdarəetmə Sistemində işin təkmilləşdirilməsi məqsədilə türkiyəli mütəxəssislər tərəfindən keçirilmiş təlimlərin bağlanış mərasimi olub.

Tədbirdə Milli Kitabxananın direktoru professor Kərim Tahirov proqramın üstünlüklərindən, iş proseslərinin inkişafı istiqamətində görülən işlərdən danışıb. Bildirib ki, Türkiyədən dəvət edilən mütəxəssislərin təcrübi xarakter daşıyan təlimlərinin əsas məqsədi qarşıya çıxan problemlərin birgə həllinə nail olmaqdır.

O qeyd edib ki, proqram standart təsvirə əsaslanan vahid yazı ilə bütün kitabxanaları birləşdirir və hər birinə digərinin fondunu, elektron bazasını görmək və oxucuların istifadəsinə təqdim etmək imkanı verir.

Direktor yeni ildən təkliflər əsasında proqramda dəyişikliklərin olacağını, interfeysin genişləndiriləcəyini, əməliyyatların sayının artırılacağını, istifadəçi səhifəsinin təbliği istiqamətində işlərin həyata keçiriləcəyini diqqətə çatdırıb.

Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Kitabxanalar və Yayımlar Baş İdarəsinin Texniki Xidmətlər şöbəsinin müdiri Hülya Dirican proqramın üstünlüklərindən və artıq 13 ildir ki, qardaş ölkədə tətbiqindən danışıb.

Mərasimdə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan kitabxanaların əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, təlimlər Bakı şəhəri ilə yanaşı, bölgə kitabxanalarını da əhatə edib.