Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiyalar şöbəsində ərsəyə gələn “Füzuli sevgisi” adlı xalça təqdim edilib.

Dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş xalçanın müəllifi Əməkdar rəssam Taryer Bəşirovdur.

Təqdimat mərasimində muzeyin direktoru Əminə Məlikova qeyd edib ki, xalçaçılar Lalə Manafova və İlhamə Əhmədovanın toxuduğu bu nadir eksponat muzeyin fondunu zənginləşdirəcək.

Taryer Bəşirov artıq unudulmaqda olan dolama texnikasında hazırlanan xalçanın yaranma tarixçəsindən söz açıb: “Muzeyimizin ən zəngin kolleksiyalarında belə buna bənzər heç nə yoxdur. Bu texnika keçmişin əsl yadigarıdır və biz onu canlandıra bilmişik”.

Rəssam xalçanın tərtibat elementləri haqqında danışıb, onların rəmzi mənasını və Füzuli irsi ilə bağlılığını vurğulayıb.

Tədbir çərçivəsində Beynəlxalq Muğam Mərkəzinin Cahangir Cahangirov adına xorunun (bədii rəhbər Əməkdar müəllim Təranə Yusifova) ifasında musiqi proqramı və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri tərəfindən “Leyli və Məcnun” pantomim kompozisiyası təqdim edilib.

***

Azərbaycan Milli Xalça Muzeyində Kamil Əliyev adına Naxçıvan Dövlət Xalça Muzeyinin əməkdaşları tərəfindən hazırlanmış “Naxçıvan – 100” xalçasının da təqdimat mərasimi keçirilib.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasında səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli bildirib ki, təqdim olunan xalçanın sadəcə bir sənət nümunəsi deyil, Naxçıvanın qədim tarixini, zəngin mədəniyyətini və əzəmətli simvollarını əks etdirən əsərdir.

Mədəniyyət nazirinin müavini Səadət Yusifova bu xalçanın tarixi yaddaşımızın bir parçasına çevriləcəyini söyləyib. O, Azərbaycan xalq tətbiqi sənətinin bir qolu olan xalçaçılığı milli kod daşıyıcısı kimi səciyyələndirib.

“Naxçıvan – 100” xalçasının qədim ənənələrə uyğun şəkildə hanadan kəsimi mərasimi olub.

Tədbir Naxçıvan Dövlət Filarmoniyası musiqiçilərinin ifasında konsert proqramı ilə davam edib.