Bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, dahi şair, mütəfəkkir Məhəmməd Füzulinin (1494-1556) anadan olmasının 530 illiyi Prezident İlham Əliyevin sərəncamı ilə geniş qeyd olundu. Söz ustadının həyat və yaradıcılığına müxtəlif aspektlərdən bir daha nəzər salındı.

Dahi şairin yaradıcılığı zaman-zaman müxtəlif sahələr üzrə yaradıcı insanlar üçün ilham mənbəyi olmuşdur. Əsərlərinə musiqilər bəstələnmiş, əsərləri əsasında təsviri və dekorativ sənət nümunələri ərsəyə gətirilmişdir. Bir sıra fırça və tişə ustaları Füzulinin öz obrazını da yaratmışlar.

Füzuli obrazı Azərbaycan xalçalarında da öz əksini tapmışdır. Xalçaçı rəssamlar Lətif Kərimov, Cəfər Müciri, Eldar Mikayılzadə, Aydın Rəcəbov, Gülmurad Bəbirov və başqaları Füzuli mövzusuna müraciət etmiş, Füzuli dühasını ilmələrlə həkk edərək onu əbədiləşdirməyə çalışmışlar.

***

Azərbaycanın ilk xalçaçı rəssamı, xalçaşünas, Xalq rəssamı Lətif Kərimovun 1973-cü ildə toxuduğu “Füzuli” xalçası Məhəmməd Füzuli mövzusunda toxunan ilk xalçalardan biridir. Xalça bədii quruluşuna görə yelən və ara sahədən ibarətdir. Yelən hissədə dörd zolaq (haşiyə) mövcuddur. Birinci bala haşiyə mollabaşı, ikinci olan ana haşiyə ziqzaq, üçüncü bala haşiyə kətəbəbəndlik, dördüncü bala haşiyə isə tirməsayağı və digər həndəsi və nəbati ornamentlərlə bəzədilmişdir. Bala haşiyədə verilmiş kiçikölçülü kətəbələrin daxilində şairin “Məni candan usandırdı” qəzəli toxunmuşdur.

Xalçanın ara sahəsi iki hissəyə bölünür. Üfüqi formalı kətəbə ara sahəni iki hissəyə ayırır. Kətəbənin daxilində Füzulinin məşhur qəzəlindən bu beyt verilmişdir:

“Ucaldın qəbrim, ey bidərdlər, səngi-məlamətdən,
Ki, məlum ola dərd əhlinə qəbrim ol əlamətdən”.

Aşağı hissədə tünd-sürməyi rəngli fonda fars və kiril əlifbası ilə Füzulinin adı və fars əlifbası ilə şairin məzarı üzərinə yazılmış beyt toxunmuşdur:

“Nə yanar kimsə mənə atəşi dildən özgə,
Nə açar kimsə qapım badi-səbadan qeyri”.

Ara sahənin yuxarı hissəsində şaquli formada, qəhvəyi rəngli fonun üzərində Füzulinin portreti toxunmuşdur. Rəssam Füzuli obrazını emosional-psixoloji vəziyyətdə vermişdir. Şairin mənalı və dalğın toxunmuş üz cizgilərindən onun böyük mütəfəkkir olduğu hiss olunur.

Xalçanın yelən hissəsindən ikiyə bölünmüş ara haşiyənin aşağı sol küncünə qədər olan hissədə Füzulinin türbəsi əks olunmuşdur. Ümumilikdə, xalça üzərində toxunan beytlər, türbənin təsviri və Füzulinin psixoloji portreti bütöv bir vəhdət yaradır. Xalçanın rəng koloriti ahəngdarlığı ilə seçilir. Rənglərin, həndəsi və nəbati ornamentlərin vəhdəti Füzuli obrazının tam şəkildə çatdırılmasına xidmət edir.

***

Füzuli mövzusunda toxunan digər bir xalça nümunəsi Azərbaycan xalçaçılıq sənətinin görkəmli nümayəndəsi, sənətşünaslıq elmləri namizədi Cəfər Müciriyə aiddir. 1975-ci ildə toxunan “Füzuli” süjetli xalçası hazırda Milli Xalça Muzeyində qorunur.

Ara sahə və yelən hissədən ibarət xalçanın ana və iki bala haşiyəsində nəfis nəbati ornamentlər işlənmişdir. Birinci bala haşiyənin aşağı hissəsində kiril və fars əlifbası ilə müəllifin adı və xalçanın toxunma ili qeyd olunmuşdur. İkinci gələn ana haşiyə bütövlükdə daha çox Təbriz xalçaçılıq məktəbinə aid olan “islimi” nəbati ornameti ilə doldurulmuşdur. Ana haşiyədə toxunan altı ədəd qırmızı gül diqqəti cəlb edir. Ana haşiyənin yuxarı hissəsində kətəbənin daxilində verilmiş kitabın açıq səhifələrində “Leyli və Məcnun” sözləri, yan və ətək hissələrində Qobustan qayaüstü təsvirləri, Mərdəkan qalası, Qız qalası, Şirvanşahlar sarayı kimi Azərbaycanın qədim memarlıq abidələrinin təsviri verilmişdir. Bununla da sanki müəllif əsərində memarlıq, ədəbiyyat və dekorativ-tətbiqi sənəti birləşdirərək mükəmməl vəhdət yaratmışdır.

Ara sahənin mərkəzində nəbati ornamentlərlə yaradılmış mehrab formalı tağın altında Məhəmməd Füzulinin portreti toxunmuşdur. Dahi şairin başı üstündə təsvir olunmuş buludlar onun yüksəkliyinə, ucalığına işarət edir. Füzulinin üzü realistik şəkildə zərgər dəqiqliyi ilə işlənmişdir. Füzuli əlində kitab tutmuş formada təsvir olunmuşdur. Bu da obrazı uzaqdan tanıdan, onun elmə, maarifə yaxın insan olduğunu bildirən atributlardan biridir. Qızılı rəngli əba ilə təsvir olunan şair portretinin aşağı hissəsi sanki qaya, dağ formasındadır. Portret forma etibarilə də dağ formasındadır. Bütövlükdə bu elementlər Füzulini dağa bənzədir. Heç şübhəsiz ki, Cəfər Müciri Füzuli dühasını hündür, qocaman, vüqarlı dağa bənzədərək onun mənəvi ucalığına, yaradıcılığının əzəmətinə işarə etmişdir. Xalçada əks olunan bütün elementlər və rəng koloriti Füzuli obrazı ilə tam səsləşir.

Portretin aşağı hissəsində “Leyli və Məcnun” poemasının dibaçəsində Məcnunun dilindən verilən iki beyt toxunmuşdur:

“Zövqdən dibaça bağlandı kitabı-ömrümə,
Qoymadı dövran keçə öbqatım ol ünvan ilə.
Ey Füzuli, əxtəri-bəxtim müsaid olmadı
Kim, olam bir dəm müqarin ol mahi-taban ilə”.

***

Füzuli dühasının əks olunduğu digər bir xalça nümunəsi Xalq rəssamı Aydın Rəcəbova aiddir. “Füzuli dünyası” adlanan bu əsər rəssam tərəfindən 2005-ci ildə yaradılmışdır.

Bu xalça nümunəsi M.Füzuli obrazının və məzmununun əks olunduğu digər xalça nümunələrindən fərqlənir. Xalçanın mərkəzində, ara sahədə yerləşən Füzuli obrazı həndəsi formada çatdırılmışdır. Rəssam özü bu haqda Füzulini belə gördüyünü, bu da onun “təxəyyülünün Füzulisi” olduğunu qeyd etdi. Obraz mehrabın daxilində, əllərini göyə qaldırmış şəkildə verilmişdir. Mehrabdan yuxarıda “Allahu Əkbər” sözləri toxunmuşdur. Füzulinin başı üstündə ay və ulduz yerləşdirilib ki, bunu həm ucalığın, qüdrətin simvolu, həm də İslamın simvolu kimi də qeyd etmək olar.

Xalçada birinci və üçüncü gələn bala haşiyələrdə kufi xətti ilə “Allah, Məhəmməd, Əli” yazıları toxunmuşdur. Ana haşiyənin yuxarı hissəsində “Hər şeyin qəlbi var, Quranın qəlbi isə Yasindir” (Hz. Məhəmməd Peyğəmbərdən hədis), sol tərəfində “O Əvvəldir, Axırdır, Zahirdir, Batindir və O, hər şeyi biləndir” (Hədid surəsi (57), 3-cü ayə), aşağı hissəsində “İlahi, Sənə zikr etməkdə, şükür etməkdə və Sənə yaxşı ibadət etməkdə mənə kömək et” (Hz. Əli ə.s), sağ tərəfində isə “Mənə Allah yetər ondan başqa ilah yoxdur, mən Ona təvəkkül edirəm. O, böyük Ərşin Rəbbidir” (Tövbə surəsi, 129-cu ayə) kimi müqəddəs kəlamlar ərəb dilində, kufi xətti ilə əks olunmuşdur. Ümumiyyətlə, xalça nümunəsi epiqrafik elementlərlə zəngindir. İstər kufi xətti ilə yazılmış yazılar, istərsə də həmin yazılardakı məzmun, həm xalçanın estetik-bədii quruluşu ilə, həm də “Füzuli” məzmunu ilə vəhdət yaratmışdır.

Məsələn, Cəfər Mücirinin Füzuli məzmununda toxuduğu xalçada rəssam bir növ Füzuli və digər mədəni irsimizin vəhdətini yaradıbsa, Aydın Rəcəbov öz xalçasında Füzuli və İslam dininin vəhdətini yaratmışdır. Xalçanın rəng koloriti digərləri ilə müqayisədə al-əlvan deyil.

Məhəmməd Füzuli bənzərsiz yaradıcılığı və ideyalar aləmi ilə gələcəkdə yaradıcı insanlar üçün ilham mənbəyi olaraq qalacaq.

Məhəmməd Hacıyev
Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi