Xəbər verdiyimiz kimi, Mədəniyyət Nazirliyinin tabeliyindəki təhsil müəssisələrində müəllimlərin peşə səriştə və bacarıqlarının ölçülməsi, ixtisasına, sənətinə müvafiq olaraq onların tutduğu vəzifəyə uyğunluğunun müəyyənləşdirilməsi və optimal müəllim heyətinin formalaşdırılması məqsədilə 2025–2026-cı illər ərzində müəllimlərin attestasiyası keçiriləcək.

Bununla bağlı 7-8 yanvar tarixlərində Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan G.Əliyeva adına 3 nömrəli Uşaq incəsənət, Ə.Bakıxanov adına 6 nömrəli və 37 nömrəli Uşaq musiqi məktəblərində, R.Behbudov adına 2 nömrəli və T.Quliyev adına 12 nömrəli onbirillik Musiqi məktəblərində məlumatlandırma sessiyaları təşkil olunub.

Sessiyalarda mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov, Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin direktoru vəzifəsini icra edən Vüqar Hümbətov, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəis müavini Nazim Əliyev və digər şəxslər iştirak ediblər.

Sessiyaların keçirilməsində əsas məqsəd attestasiya ilə bağlı müəllimləri narahat edən məqamlar üzrə maarifləndirici söhbətlər aparmaq və onları maraqlandıran sualları cavablandırmaqdır.

Görüş zamanı prosses barədə məlumat verilib, geniş müzakirələr aparılıb.