Yanvarın 9-da Milli Olimpiya Komitəsi (MOK) ilə Azərbaycan Respublikası Kino Agentliyi arasında əməkdaşlıq memorandumu imzalanıb.
Memorandum iki qurum arasında Azərbaycan idmanı və bu sahədə əldə olunan nailiyyətlərin kino vasitəsilə birgə təbliğini nəzərdə tutur.
MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə idman filmlərinin ölkəmizdə maraqla qarşılandığını bildirib: “Biz bu işə Milli Olimpiya Komitəsi olaraq, çoxdan başlamışıq. Olimpiya çempionlarımız haqqında bir sıra filmlər çəkilib, paytaxtda və bölgələrdə nümayiş olunub. İşğaldan azad olunmuş ərazilərdə Olimpiya çempionları ilə birlikdə belə filmləri nümayiş etdirmək builki planımıza daxildir. Çalışmalıyıq ki, çempionlarımızı gənc nəslə tanıdaq. Film sahəsində “qadınlar idmanda” mövzusu da hər zaman maraq kəsb edir. Bu gün idmanda və həyatda böyük uğur qazanan qadınlar var. Onların keçdiyi həyat yolunun ekranlaşdırılması da maraqlı olardı. Bir sözlə, mövzular zəngindir. İnanıram ki, bundan sonra birlikdə səmərəli işlər həyata keçirə biləcəyik”.
Azərbaycan Kino Agentliyinin baş direktoru vəzifəsini icra edən Orxan Sadıqov isə idman mövzulu filmlərin çəkilməsinin zəruriliyini bildirib. Qurum rəsmisi “Turan” Film Festivalının Laçın şəhərində keçiriləcəyini vurğulayıb. O, həmçinin Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan idmançılardan bəhs edən silsilə sənədli filmlərin ərsəyə gəlməsinin əhəmiyyətindən danışıb.
Sonra Çingiz Hüseynzadə və Orxan Sadıqov əməkdaşlıq memorandumunu imzalayıblar.
Memorandumun imzalanmasının əsas məqsədi Azərbaycan kinosunda idman və olimpizm mövzusunda ssenarilərin yazılması, qısa və tammetrajlı filmlərin çəkilməsi təşəbbüslərini dəstəkləmək, inkişaf etdirmək, beynəlxalq idman filmləri festivalının daimi keçirilməsini təmin etmək, Azərbaycanın müxtəlif bölgələrində və azad olunmuş ərazilərdə yaşayan vətəndaşlara idman filmlərini, sağlam həyat tərzini, olimpizm prinsiplərini təbliğ etmək, müzakirələr və görüşlər təşkil etmək kimi mühüm vəzifələri özündə birləşdirir.