Hazırda Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında sərhədlərin delimitasiya və demarkasiyası, eləcə də onun hansı prinsiplər əsasında aparılması məsələsi aktuallıq kəsb edir. Bu prosesin həyata keçirilməsi zamanı hansı meyarlar nəzərə alınmalıdır? Beynəlxalq hüquq və tarixi təcrübə bu barədə nə deyir?

Medeniyyet.az Naxçıvan Dövlət Universiteti Ümumi hüquq fənləri kafedrasının müəllimi, hüquqşünas Yunis Xəlilovun bu məsələ ilə bağlı yazısını təqdim edir: 

Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası zamanı ölkəmizin 1920-ci illərin xəritələrinə istinad etməsinin hüquqi əsası mövcuddur və bunun beynəlxalq hüquq və tarix baxımından əsaslandırılması üçün kifayət qədər hüquqi dəlilləri vardır.

Gəlin, dünya təcrübəsində dövlətlərin sərhədlərinin müəyyən olunması zamanı tarixi xəritələrə istinad olunması faktlarına da istinad etməklə ölkəmiz üçün çox həssas olan bu məsələni bir neçə aspektdən təhlil edək:

 

1. Tarixi və hüquqi əsaslar

 

Göz qabağında olan ən aşkar tarixi fakt Zəngəzurun Azərbaycanın tarixi ərazisi olmasıdır. Belə ki, XX əsrin əvvəllərində, xüsusilə 1918–1920-ci illərdə Zəngəzur bölgəsi ölkəmizin ərazisi olmaqla Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) suverenliyi altında idi. Təbii ki, AXC Zəngəzuru öz doğma ərazisi kimi idarə edir, burada dövlət idarəçiliyi və hərbi mövcudluğunu təmin edirdi. Lakin təəssüf ki, 1920-ci ildə Zəngəzurun Ermənistana verilməsinə dair qondarma qərar Azərbaycan SSR və Ermənistan SSR arasındakı inzibati razılaşma çərçivəsində həyata keçirilmişdir. Bu həmin dövrdə sovet hakimiyyətinin iradəsinə əsaslanırdı və birmənalı olaraq, Azərbaycanın iradəsindən tamamilə kənar verilmiş qərar idi. Hüquqi baxımdan tarixi sənədlərə nəzər salsaq, aydın şəkildə görmək olar ki, 1920-ci illərin xəritələri Azərbaycanın ərazi bütövlüyünün tarixən hansı sərhədləri əhatə etdiyini sübut edən hüquqi və tarixi mənbələr sayılır. Bu xəritələr həmin dövrdə sərhədlərin necə təsbit edildiyini göstərən əsaslı sənədlərdir və beynəlxalq mübahisələrin həlli zamanı hüquqi dəlil kimi qəbul edilməlidir.

 

2. Beynəlxalq hüquq prinsipləri

 

Azərbaycan-Ermənistan sərhədlərinin müəyyən olunmasında beynəlxalq hüququn "uti possidetis juris" prinsipinin tətbiqi məsələsinə nəzər salaq. Bu prinsipə əsasən, yeni müstəqil dövlətlər əvvəlki inzibati sərhədlər əsasında müstəqil olurlar. "Uti possidetis juris" prinsipi beynəlxalq hüquqda, xüsusən də, sərhəd mübahisələrinin həlli və yeni dövlətlərin yaranması ilə əlaqədar mühüm rol oynayır. Bu prinsip yeni yaranan dövlətlərin sərhədlərinin, müstəqil olduqları dövrün əvvəlindəki ərazi idarəetmə xətti ilə müəyyən edilməsi prinsipidir. Başqa sözlə, müstəqil dövlətlər müstəqillik əldə etdikləri zaman əvvəlki idarəetmə strukturlarına əsasən, sərhədlərini müəyyən edirlər. Bu, xüsusən, kolonial dövrün sonunda tətbiq olunan bir prinsipdir. Bununla bağlı dünya təcrübəsindən bir neçə nümunəyə nəzər salaq:

1. Latın Amerikası (XIX əsr): "Uti possidetis juris" prinsipinin ən tanınmış nümunələrindən biri Latın Amerikasında baş vermişdir. İspaniyanın və Portuqaliyanın kolonial ərazilərinin müstəqil dövlətlərə çevrilməsi zamanı bu ərazilər arasındakı sərhədlər əvvəlki kolonial xəritələrə əsaslanırdı. Məsələn, 1810-cu ildə müstəqilliyini elan edən Latın Amerikasındakı bir çox ölkələr İspaniyanın və Portuqaliyanın əvvəlki sərhədlərini əsas götürərək öz sərhədlərini müəyyən etdilər. Bu, xüsusilə, Kolumbiya, Ekvador, Venesuela və Peru arasında sərhəd mübahisələrinə səbəb olsa da, prinsip olaraq "uti possidetis juris" tətbiq edilmişdi.

2. Afrika (1960-cı illər): Afrika ölkələrinin müstəqillik qazanmasından sonra Afrika Birliyi (AFB) 1964-cü ildə qəbul etdiyi bir qərarla Afrikanın yeni müstəqil dövlətlərinin sərhədlərinin əvvəlki kolonial sərhədləri əsasında müəyyən ediləcəyini bildirdi. Bu, Afrikada böyük sərhəd mübahisələrinə səbəb olsa da, "uti possidetis juris" prinsipi bölgə ölkələrində tətbiq edildi. Məsələn, Çad, Liviya və Sudan arasında sərhəd mübahisələri, Liviya ilə Niger arasındakı sərhəd məsələləri bu prinsipin tətbiqi nəticəsində yaranan mübahisələrdəndir. Lakin prinsip Afrikada bir çox mübahisəni həll etməyə və yeni sərhədlər yaratmağa kömək etdi.

3. İndoneziya və Şərqi Timor: Şərqi Timorun 2002-ci ildə müstəqil olmasından sonra İndoneziya və Şərqi Timor arasındakı sərhəd məsələsi də "uti possidetis juris" prinsipi ilə həll olunmuşdur. Kolonial dövrün xəritələrinə əsasən, bu ərazi əvvəlcə Portuqaliya koloniyası idi və Şərqi Timor müstəqil olduqda bu ərazinin sərhədləri Portuqaliyanın sərhədləri ilə uyğunlaşdırıldı. Bu prinsipin tətbiqi müstəqil dövlətin sərhədini əvvəlki kolonial sərhəd xətti ilə müəyyən etdi.

4. Kosovo və Serbiya: 2008-ci ildə Kosovo müstəqilliyini elan etdikdən sonra Serbiya ilə Kosovo arasında sərhəd mübahisəsi baş verdi. Kosovo müstəqil dövlət olaraq Yuqoslaviya Federasiyasının son sərhədlərinə istinad edərək müstəqil oldu və bu, "uti possidetis juris" prinsipinə uyğun olaraq tətbiq edildi. Kosovo müstəqilliyini elan etməklə əvvəlki müstəqil dövlətin sərhədlərini qorudu.

5. Cənubi Sudan və Sudan: Cənubi Sudanın 2011-ci ildə müstəqillik əldə etməsi ilə əlaqədar müstəqil dövlətin sərhədləri əvvəlki Sudan dövlətinin sərhədləri əsasında müəyyən olundu. Bu da “uti possidetis juris” prinsipinin bir nümunəsidir və Cənubi Sudan müstəqil olduqdan sonra dövlətin sərhədləri Sudanın kolonial dövrünə aid xəritələrinə əsaslanaraq müəyyənləşdirildi.

Ölkəmizə gəldikdə, qeyd edək ki, Azərbaycan da müstəqilliyini bərpa edərkən, əslində, tarixi ərazilərinin daxilində tanınmalı idi. Bu zaman 1920-ci illərin xəritələri həmin sərhədlərin təsbiti üçün əsas olmalı idi.

Təsadüfi deyil ki, BMT və digər beynəlxalq qurumlar delimitasiya və demarkasiya proseslərində tarixi xəritələrdən və sənədlərdən geniş istifadə edirlər. Bu baxımdan da, Azərbaycanın 1920-ci illərin xəritələrinə istinad etməsi beynəlxalq təcrübəyə tamamilə uyğundur.

 

3. Zəngəzurun əhəmiyyəti və strateji rolu

 

Zəngəzur bölgəsi Azərbaycanın qərb bölgələri ilə Naxçıvan Muxtar

Respublikasını birləşdirən strateji ərazidir. XX əsrin əvvəllərində bu bölgə Azərbaycanın suverenliyi altında olmuş, lakin Sovet İttifaqının inzibati sərhədləri dəyişdirməsi nəticəsində Ermənistana verilmişdir. Zəngəzurun bu cür faktiki olaraq Azərbaycandan alınması beynəlxalq hüquq baxımından ədalətsiz və mübahisəli qərardır və bu fakt delimitasiya zamanı əsas götürülməlidir.

 

4. Xəritələrdən istifadə praktikasına dair nümunələr

 

Dünyada bir çox sərhəd mübahisəsi zamanı tarixi xəritələrdən istifadə olunmuşdur. Bir qədər əvvəl "uti possidetis juris" prinsipindən bəhs edərkən dünya təcrübəsindən bir sıra nümunələri qeyd etdik. Başqa misallarla bu məsələni də diqqətə çatdıraq:

1. Çin və Hindistan (Aksai Chin və Arunachal Pradesh): Çin ilə Hindistan arasında sərhəd mübahisələri uzun illərdir mövcuddur. Aksai Chin bölgəsi ilə bağlı mübahisə hər iki tərəfin tarixi xəritələrə istinad etməsi ilə əlaqədardır. Çin bu bölgənin özünə aid olduğunu iddia edərək 1950-ci illərdə bu ərazini öz nəzarətinə götürmüşdür. Hindistan isə bu bölgənin öz ərazisi olduğunu və tarixi xəritələrə əsaslanaraq hüquqlarının qorunmalı olduğunu bildirir.

2. Nigeriya və Kamerun (Bakassi yarımadası): Bakassi yarımadası üzərindəki mübahisə də tarixi xəritələrin istifadəsi ilə əlaqəlidir. Kamerun və Nigeriya arasında bu ərazi üzərindəki mübahisə XX əsrin əvvəllərindəki kolonial xəritələrə əsaslanır. Beynəlxalq Məhkəmə tarixi xəritələr və sənədlərə əsaslanaraq 2002-ci ildə Bakassi yarımadasının Kameruna aid olduğunu qərara almışdır. Bu qərar tarixi xəritələrin hüquqi dəlil kimi istifadə edildiyi bir nümunədir.

3. Vyetnam və Çin (Paracel və Spratly adaları): Paracel və Spratly adaları üzərindəki mübahisə də tarixi xəritələrə istinad edərək həll edilməyə çalışılmışdır. Çin XV əsrə aid tarixi xəritələrə istinad edərək bu adaların özünə aid olduğunu bildirir. Vyetnam və Filippin isə öz hüquqlarını əsaslandırmaq üçün digər tarixi sənədlərə və xəritələrə istinad edir. Bu mübahisə hələ də beynəlxalq səviyyədə həllini tapmamışdır. Bu misallar göstərir ki, tarixi xəritələr beynəlxalq sərhəd mübahisələrinin həllində mühüm rol oynayır və bir çox halda hüquqi dəlil kimi qəbul olunur.

 

5. Siyasi və hüquqi strategiya

 

1920-ci illərin xəritələrinə istinad Azərbaycanın tarixi ədaləti bərpa etmək istəyindən qaynaqlanır. Bu xəritələr beynəlxalq hüquq çərçivəsində qəbul edilmiş delimitasiya sənədləri kimi istifadə oluna bilər. Əsas məqsəd hüquqi dəlillərlə Ermənistanın qeyri-qanuni mövqeyini neytrallaşdırmaqdır.