AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə “Hekayəti-Kərəm” yazılı dastan abidəsi” kitabı işıq üzü görüb. Əlyazmanın mətnini yenidən tərtib edib nəşrə hazırlayan, tədqiqat (elmi-paleoqrafik, filoloji araşdırma, mətnin transfoneliterasiyası və faksimilesi), “Ön söz”, izah və qeydlərin müəllifi Türk dünyası əlyazmalarının tədqiqi şöbəsinin aparıcı elmi işçisi dosent Əli Məmmədbağıroğludur.

Bu barədə institutdan bildirilib. Kitabda Azərbaycan şifahi xalq ədəbiyyatında çox məşhur olan “Əsli və Kərəm” dastanı “Hekayəti-Kərəm” adı ilə əlyazmaya köçürülmüş, Əlyazmalar İnstitutunda saxlanılan yeganə nüsxəsi ilə əlaqəli aparılmış elmi-paleoqrafik, filoloji tədqiqat və əlyazma abidəsinin mətni əski əlifbadan çağdaş Azərbaycan əlifbasına transfoneliterasiya edilməklə ilk dəfə oxuculara təqdim olunur. 1867-ci ildə köçürülmüş dastanın bu yazılı variantı Azərbaycanın görkəmli maarifpərvər ziyalısı Hüseyn Əfəndi Qayıbova məxsus əlyazma məcmuəsində dövrümüzə gəlib çatıb. Yazılı dastan abidəsi ilə bağlı təqdim olunan araşdırma və dastanın transfoneliterasiya edilmiş mətni tədqiqatçılar və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, əlyazmanın mətnini tərtib edən mərhum alim, Əməkdar elm xadimi Şamil Cəmşidov, rəyçisi professor Kamil Allahyarov, redaktoru Macarıstanın Peç Universitetinin doktorantı Mahnur Kərimovadır.

***

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi şurasının qərarı ilə Nizami Gəncəvi əlyazmalarının tədqiqi şöbəsinin müdiri Rəna İskəndərlinin “Şəmsəddin Saminin “Qamusul-elam” əsərində təbrizli müəlliflər” kitabı işıq üzü görüb.

İnstitutdan xbildirilib ki, kitabda yer alan geniş “Ön söz”ün müəllifi də Rəna İskəndərlidir.

Kitab Azərbaycan ədəbiyyatı tarixinin inkişaf mərhələlərinin öyrənilməsində faydalı ola bilər. Nəşrdə müxtəlif mənbə və ədəbiyyatdan istifadə olunaraq orta əsrlərdə Təbriz şəhərində yaşayıb-yaratmış görkəmli ədib və şairlər haqqında məlumat təqdim edilib.

Qeyd edək ki, yeni nəşrin elmi redaktoru Elnurə Babayeva, rəyçisi Rüxsarə Məmmədovadır.