Yanvarın 15-də Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Əməkdar rəssam İsmayıl Məmmədovun (1948-2016) muzeyin fonduna daxil edilən əsərlərinin təqdimatı keçirilib. Tədbirdə muzeyin əməkdaşları, ictimaiyyət nümayəndələri və media mənsubları iştirak ediblər.
Tədbirdə çıxış edən Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru akademik Rafael Hüseynov 2025-ci ilin muzey üçün xüsusilə əlamətdar olduğunu bildirib. Cari ildə bu mədəniyyət ocağının fəaliyyətə başlamasının 80 ilinin tamam olduğunu vurğulayan alim yubiley çərçivəsində nəzərdə tutulan işlərdən, qarşıda duran prioritet vəzifələrdən danışıb.
Rəhbərlik etdiyi qurumun yaranma tarixi və Azərbaycan mədəniyyətinin inkişafında rolu haqqında məlumat verən akademik Rafael Hüseynov qeyd edib ki, 80 illik dövr muzey üçün heç də hamar olmayıb. Ədəbiyyat Muzeyi yaradıldığı vaxtdan indiyədək keşməkeşli və şanlı tarixi yol keçərək bugünkü səviyyəsinə yüksəlib.
Direktor bildirib ki, ötən illər ərzində bu mədəniyyət ocağının zənginləşdirilməsi, fond materiallarının bərpası istiqamətində ardıcıl, gərəkli işlər görülüb, müxtəlif dövrlərdə Azərbaycanın dəyərli şəxsiyyətləri tərəfindən muzeyə yeni eksponatlar, qiymətli kitablar, rəsm əsərləri, sənədlər, şəxsi əşyalar və s. hədiyyə edilib. O, hədiyyə edilən eskponatların muzeyin fondunun zənginləşdirilməsində mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.
Əməkdar rəssam İsmayıl Məmmədovun da Azərbaycan rəngkarlığında və kitab qrafikası sahəsində özünəməxsus yolu və üslubu ilə seçilən rəssamlarımızdan olduğunu söyləyən akademik Rafael Hüseynov Ədəbiyyat Muzeyinin yubileyi ərəfəsində onun əsərlərinin muzeyin fonduna daxil edilməsini uğurlu addım kimi qiymətləndirib. O, Əməkdar rəssam İsmayıl Məmmədovun qədim Azərbaycan dastanı, yazılı xalq ədəbiyyatının ən qədim abidəsi olan “Kitabi-Dədə Qorqud”a əsaslanan rəsmlərdən ibarət hazırladığı 2013-cü ilin təqvimini xüsusi qeyd edib.
Daha sonra İsmayıl Məmmədovun yaxın dostu, Azərbaycan Memarlar və Rəssamlar ittifaqlarının üzvü Şahvələd Məmmədov rəssamının dahi Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si əsasında çəkdiyi əsərləri muzeyin fonduna təqdim edib. Bildirib ki, rəssamın zamanında çəkdiyi hər lövhə Nizami Gəncəvinin “Xəmsə”sindəki məsnəviləri mövzusundadır.
Akademik Rafael Hüseynov Ədəbiyyat Muzeyinin kolleksiyasının bu cür rəsm nümunələri ilə ilbəil zənginləşməsinin onun nüfuzunun daha da yüksəlməsi, həmçinin azərbaycanlı və xarici tədqiqatçılar üçün önəmli araşdırma mərkəzinə çevrilməsi baxımından xüsusi önəm daşıdığını deyib. Qeyd edib ki, bu rəsm əsərləri həm də ziyarətçilərə Azərbaycan rəssamlıq tarixini, gözəlliyini və dərinliyini tanıdacaq, zəngin mədəni irsimizi daha çox kəşf etməyə və araşdırmağa ruhlandıracaq.