Leopold ve Mstislav Rostropoviçlərin Ev-muzeyində 20 Yanvar hadisələrinin 35-ci ildönümünə həsr olunan “20 Yanvar - Azadlığın zirvə günü” adlı anım tədbiri keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə çıxış edən muzeyin icraçı direktoru Günay Əliyeva 20 Yanvar faciəsinin heç vaxt unudulmayacağını, şəhidlərin müstəqilliyimizin əldə olunmasında oynadığı rolu xüsusilə vurğulayıb. O qeyd edib ki, muzeyin qəhrəmanı M.Rostropoviç özünü dərk edəndən insan haqları uğrunda mübarizə aparıb, onlara qarşı haqsızlığı heç vaxt qəbul etməyib.

G.Əliyeva bildirib ki, M.Rostropoviç Azərbaycanın problemlərinə də biganə qalmayıb, Bakıya səfəri zamanı öz istəyi ilə bir neçə qaçqın düşərgəsində olaraq yurd-yuvasını itirmiş insanlarla görüşüb və Şəhidlər xiyabanını ziyarət edib.

Daha sonra M.Rostropoviçin Şəhidlər xiyabanı və məcburi köçkün düşərgələrinə etdiyi ziyarətlərindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbir “Salnamǝfilm” studiyası tərəfindən ərsəyə gəlmiş “Silahdaşlar” sənədli filminin nümayişi ilə davam edib.

Anım tədbirində Bakıdakı 189-190, 150 nömrəli tam orta məktəbin şagirdləri 20 Yanvara həsr olunan şeirlər səsləndiriblər.