Yanvarın 17-də musiqi, incəsənət məktəb və mərkəzlərinə işə qəbul olunmuş bir qrup müəllim üçün Mədəniyyət Nazirliyinin təsis etdiyi Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzinin (Yaradıcı Mərkəz) təqdimatı olub.

Mədəniyyət Nazirliyi Yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsinin müdiri Rəşad Əzizov Yaradıcı Mərkəz haqqında ətraflı məlumat verib. Bildirilib ki, ötən ilin dekabr ayında açılışı keçirilən Yaradıcı Mərkəzin əsas məqsədi gənc istedadları dəstəkləmək, onların ixtisaslarını artırmaq və yaradıcılıq potensialının reallaşdırılmasına şərait yaratmaqdır. Eləcə də mədəni və yaradıcı sənayelər sahəsində layihələr həyata keçirmək, bu sahədə yeni sahibkarlıq subyektlərinin, startapların formalaşmasına və inkişafına dəstək verməkdir. Yerli yaradıcı məhsul və xidmətlərin yaradılması və ixracının artırılmasına kömək göstərmək, müvafiq istiqamətlər üzrə regionlardan istedadlı gəncləri cəlb etmək də əsas məqsədlərdəndir.

Qeyd olunub ki, hazırda Yaradıcı Mərkəz bir sıra uğurlu layihələr, o cümlədən musiqi, “Gametech”, “Cultech” olmaqla 3 inkubasiya proqramı həyata keçirir. Bu proqramlar çərçivəsində artıq 20 yeni startap yaradılıb və ümumilikdə 50-dən çox rezident mərkəzin xidmətlərindən istifadə edir.

Mərkəzdə animasiya, musiqi və kino sənayesi, dizayn, yaradıcılıq sahələrində “Ai4Art” layihəsi çərçivəsində süni intellektin istifadəsi üzrə ustad dərsləri və təlimlər keçirilir. Bu təhsil proqramlarında 200-dən çox gənc iştirak edir. Mərkəzin tərkibinə, həmçinin “Yaradıcı Market” bazar platforması, “Yaradıcı Edu.az” tədris mərkəzi də daxildir.

Diqqətə çatdırılıb ki, gənc müəllimlər Yaradıcı Mərkəzin imkanlarından istifadə edərək müvafiq sahə üzrə ideyalarını gerçəkləşdirə bilərlər.