Filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Həbib Babayev (1926–1994) haqqında “İşıq adam. Xalqa və elmə xidmət nümunəsi” adlı kitab çapdan çıxıb.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Elmi şurasının qərarı ilə nəşr olunan kitabın elmi redaktoru və hazırlayanı filologiya elmləri doktoru, professor Nizami Tağısoydur.
Kitabda elmi-nəzəri və pedaqoji fəaliyyətini, yaradıcı həyatını Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafına həsr etmiş Həbib Babayevin ömür yoluna işıq tutulur. Onun elmi axtarışlarının müxtəlif tərəfləri tanınmış həmkarları, yetirmələri, dostları tərəfindən dəyərləndirilir və oxuculara təqdim edilir.
Nəşrdə Yusif Rüstəmov, Pənah Xəlilov, Nizami Məmmədov (Tağısoy), Telman Cəfərov (Vəlixanlı), Rafiq Novruzov, Safurə Quliyeva, İlahə Carçıyeva, İslam Ağakərimov, Seyfəl Həsənov, Mübariz Məmmədli, Fərrux Məmmədov və başqalarının alimlə bağlı kövrək xatirələri yer alıb, şair Ramiz Heydərin professor Həbib Babayevin xatirəsinə həsr etdiyi "Bir ömrün rəngləri" poemasından fraqmentlər təqdim olunub.
Həbib Bayram oğlu Babayev 30 dekabr 1926-cı ildə Şəki rayonunun Bucaq kəndində anadan olub. 1946–1951-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filologiya fakültəsində, 1951–1955-ci illərdə Moskvada M.Qorki adına Dünya Ədəbiyyatı İnstitutunun aspiranturasında təhsil alıb. 1956-cı ildə "V.Mayakovski və Azərbaycan sovet poeziyası" mövzusunda namizədlik dissertiyasını, 1969-cu ildə "Səməd Vurğun və sovet ədəbiyyatında onun mövqeyi" mövzusunda doktorluq dissertasiyasını müdafiə edib. 1970-ci ildə ona professor elmi adı verilib.
Həbib Babayev 1958–1970-ci illərdə Nizami adına Ədəbiyyat İnstitutunda baş elmi işçi, 1970-ci ildən ömrünün sonunadək Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunda (indiki Bakı Slavyan Universiteti) kafedra müdiri olub. 2 iyul 1994-cü ildə vəfat edib.