Əməkdar rəssamın qrafika sərgisi açılıb
Yanvarın 22-də Azərbaycan Milli İncəsənət Muzeyində Əməkdar rəssam, Naxçıvan Rəssamlar Birliyinin sədri, millət vəkili Ülviyyə Həmzəyevanın “Çağırış – zaman və məkan boşluğunda itmiş simvollar” adlı qrafika sərgisi açılıb. Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Milli İncəsənət Muzeyinin birgə təşkilatçılığı ilə keçirilən sərginin açılışında tanınmış mədəniyyət və elm xadimləri, millət vəkilləri, digər qonaqlar iştirak ediblər.
Əvvəlcə Ulu öndər Heydər Əliyevin və 44 günlük Vətən müharibəsində canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Mərasimdə çıxış edən Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova, Xalq rəssamı Səlhab Məmmədov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, millət vəkilləri Hicran Hüseynova, Elnarə Akimova rəssam Ülviyyə Həmzəyevanın müasir Azərbaycan təsviri sənətində seçilən yaradıcılığa malik olduğunu, dərin məna, məzmun yükünə sahib əsərlərinin minilliklər ərzində formalaşmış zəngin sənət ənənələrimizdən güc aldığını vurğulayıblar.
Sonda Əməkdar rəssam Ülviyyə Həmzəyeva yaradıcılığına verilən dəyərə görə çıxış edənlərə və sərginin təşkilinə görə Azərbaycan Milli İncəsənət Muzeyinə təşəkkürünü bildirib.
Daha sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.
Sərgilənən 50-dən çox qrafika nümunəsinin fəlsəfi mahiyyəti müəllifin dünyaya göz açdığı, boya-başa çatdığı qədim Naxçıvan elinin ruhu ilə səsləşir. 44 günlük Vətən müharibəsindəki şanlı Qələbə, Qərbi Azərbaycanın tarixi-mədəni irsi, COVİD-19 pandemiyası, yuxu və gerçəkliyin bir arada, fasiləsiz vizual axın kimi təsviri bu əsərlərin aparıcı mövzularıdır.
Sərgi 28 fevral tarixinədək ziyarət üçün açıq olacaq.