Sumqayıt Dövlət Dram Teatrı “Xeyir xəbər” tamaşasını yanvarın 22-də Azərbaycan Dövlət Milli Gənc Tamaşaçılar Teatrında nümayiş etdirib.
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tövsiyəsi ilə gənc rejissor Fuad Cavadzadənin quruluş verdiyi səhnə əsəri Əməkdar incəsənət xadimi, yazıçı-dramaturq Əli Əmirlinin eyniadlı pyesi əsasında hazırlanıb.
Mədəniyyət Nazirliyi və Akademik Milli Dram Teatrının birgə təşkilatçılığı ilə həyata keçirilən "Bölgə teatrlarının Bakı premyeraları" layihəsi üzrə nümayiş olunan tamaşa eyni zamanda "Mədəniyyət" kanalı vasitəsilə canlı yayımlanıb.
Birhissəli qəhrəmanlıq dramı olan "Xeyir xəbər"in bədii rəhbəri Xalq artisti, Sumqayıt Dövlət Dram Teatrının baş rejissoru Firudin Məhərrəmov, quruluşçu rejissoru Fuad Cavadzadə, quruluşçu rəssamı Nizami Dadaşov, musiqi tərtibatçısı sənətşünaslıq üzrə fəlsəfə doktoru Telman Qəniyev, qrafika işləri Sahil Nəzərovundur.
Rollarda Əməkdar artist Elmira Kərimova, aktyorlar Habil Xanlarov, Şəmistan Süleymanlı, Məryəm Hüseynli, Elay Xasıyev, Siyavuş Mahmudov, Akif Mirzəyev, Kamran Muradlı, Ramazan Xanlarov, Etibar Əmirov və Əmrah Cəbiyev çıxış ediblər.
Tamaşa 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə, şəhidlərimizin əziz xatirəsinə, müharibə veteranları və qazilərimizə ithaf olunub.
Səhnə əsəri paytaxt teatrsevərləri tərəfindən maraqla qarşılanıb.