Yanvarın 23-də Misirdə 56-cı ənənəvi Qahirə Beynəlxalq Kitab Sərgisi öz işinə başlayıb. Kitab sərgisinə 80 ölkədən 1300-dən artıq nəşriyyat qatılıb. Misirdəki səfirliyimizin dəstəyi ilə sərgidə ölkəmizin kitab stendi yaradılıb.

Misirin bir sıra nazirliklərinin rəhbərləri, xarici ölkə səfirliklərinin nümayəndələri, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov, o cümlədən səfirliyimizin digər əməkdaşları sərginin açılışında iştirak ediblər.

Azərbaycana dair yeni nəşr olunan qiymətli kitabların nümayiş olunduğu milli stendi Misirin vəqflər naziri Usamə əl-Əzhəri və mədəniyyət naziri Əhməd Fuad Henno ziyarət ediblər. Onlara ölkəmizin tarixi, mədəniyyəti ilə bağlı geniş məlumat verilib. Stendimizdə nümayiş olunan kitablar sonda kitab həvəskarlarına hədiyyə olunacaq.

Fevralın 5-dək davam edəcək sərgi çərçivəsində 600 mədəni tədbirin, o cümlədən simpoziumların, uşaqlara həsr olunmuş təqdimatların keçirilməsi planlaşdırılır.

Oman Sultanlığı builki tədbirdə fəxri qonaq qismində çıxış edir. Mərhum misirli alim dr. Əhməd Mustəcir sərginin və yazıçı Fatimə əl-Mədul isə uşaq kitabları sərgisinin simaları seçiliblər.

Qeyd edək ki, 1969-cu ildən keçirilən Qahirə sərgisi Yaxın Şərqin ən böyük kitab sərgilərindəndir. Frankfurt sərgisindən sonra 2006-cı ildə dünyada ən böyük ikinci kitab sərgisi hesab edilib. Ötən il sərgini 5 milyona yaxın insan ziyarət edib.