Çimərliklər dünya turizm sənayesində ən gəlirli sahələrdən biridir. Əksər insanlar ilin isti günlərini dəniz sahilində istirahət mərkəzlərində keçirməyə üstünlük verirlər. Hər il minlərlə xarici turist bu məqsədlə səyahətə çıxır. Dəniz sahilində yerləşən ölkələr də təbiətin onlara bəxş etdiyi bu sərvətdən məqsədli istifadə edərək bu turizm növündən böyük mənfəət götürürlər.
Azərbaycanın Xəzər sahili bölgələrində çimərlik turizminin inkişaf etdirilməsi üçün də əlverişli imkanlar var. Araşdırmalara görə, bu, şimaldan cənuba 850 km-lik sahilyanı zolaq boyunca ərazilərin 60-70 faizində çimərlik turizmini inkişaf etdirmək mümkündür. Hazırda sahilyanı ərazilərimizdə 90-dan çox çimərlik var, yenilərinin salınması davam edir. Hər il çimərlik mövsümü başlamazdan öncə dəniz suyunun monitorinqi aparılır, çirkli suyu olan ərazilərdən istifadəyə qadağa qoyulur, çimərliyə yararlı ərazilər isə elan olunur. Amma ölkəmizin bu sahədə olan potensialını nəzərə alsaq görərik ki, Xəzər dənizindən çimərlik məqsədilə istifadə yetərincə deyil. Sözügedən ərazilərdə çimərliklərin, istirahət mərkəzlərinin yaradılması, kottec, sanatoriya kimi məkanların istifadəyə verilməsi, ölkəmizə xarici turistlərin axınına şərait yarada bilər.
Çimərlik turizmi zonalarının yaradılması üçün qoyulan başlıca tələblər suyun təmizliyi, müvafiq infrastruktur və turizm xidmətlərinin səviyyəsi ilə bağlıdır. Çimərlik turizmi sahəsində xüsusi yeri olan İspaniya, Türkiyə, Yunanıstan, Fransa və digər ölkələrin bu sahədə böyük təcrübəsindən yararlanmaq olar.
“Mavi bayraq” nədir?
Müasir dövrdə çimərlik turizmində başlıca məqsəd daha yüksək xidmətlər təklif etməklə, daha çox turist cəlb etməkdir. Bunun üçün çimərliklər müxtəlif fərqləndirici əlamətlərlə özlərini tanıtmaqdadırlar.
Ən yüksək səviyyəli xidmətlər göstərən çimərliklərə verilən “mavi bayraqlar” nədir və onun verilməsi üçün hansı tələblər qoyulur?
“Mavi bayraq” kampaniyası 1987-ci ildən Avropa Ətraf Mühit Təhsili Təşkilatı tərəfindən həyata keçirilir. Əvvəlcə 11 Avropa Birliyi ölkəsində, daha sonra 22 digər ölkədə müvəffəqiyyətlə tətbiq olunub. 2001-ci ildən isə Avropa xaricindəki ölkələrin tələblərindən dolayı kampaniyanın əhatəsi genişləndirilib və Avropa Ətraf Mühit Təhsili Təşkilatı dünya miqyasında Beynəlxalq Ətraf Mühit Təhsili Təşkilatı (FEE) adlandırılıb.
“Mavi bayraq” ən yüksək meyarlara cavab verən çimərliklərə Avropa Birliyi “Çimərlik suyu direktivi”nə uyğun olaraq FEE tərəfindən verilən nümunəvi xidmət göstəricisidir. “Mavi bayraq” sertifikatı 4 meyar üzrə müəyyənləşir - suyun təmizliyi, ekologiyanın qorunması, təhlükəsizlik və istirahət edənlərin məlumatlandırılması. Burada lazımi sayda zibil qutusunun yerləşdirilməsi, tullantıların vaxtlı-vaxtında daşınması, ev heyvanlarının çimərliyə girişinin beynəlxalq qanunlara görə müəyyən edilməsi, nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılması, yetərli sayda xilasedicilərin mövcudluğu, ətrafı çirkləndirə biləcək qəza risklərinə qarşı tədbirlərin vaxtında həyata keçirilməsi kimi vacib məsələlər də əsas götürülür.
Bayraqla təltif edilmə üçün çimərliklər müəyyən edilmiş meyarlara uyğun olaraq mütəxəssislər tərəfindən qiymətləndirilir. “Mavi bayraq” çimərliyin diqqətçəkən hissəsinə sancılır və bu, çimərliyin yüksək imic qazanmasına xidmət edir. Ancaq proses bununla da yekunlaşmır. Bayraqla təltif edilən çimərliklərdə müntəzəm olaraq yoxlamalar təkrarlanır. Əgər çimərlikdə suyun təmizliyi, göstərilən xidmətlərin səviyyəsi, xilasedicilərin sayı, dəniz kənarının təmizlik səviyyəsi, kölgəlik, duş, sürüşkənlər, hətta sanitar qovşaq kabinələrinin vəziyyəti standartlara cavab verməzsə, bayraq geri alınır və ondan istifadəyə qadağa qoyulur.
Qeyd edək ki, “mavi bayraq” statusu bölgənin turizm potensialının inkişafına müsbət təsir edir. 2016-cı ildə İspaniya növbəti dəfə ən təmiz və təhlükəsiz çimərliklərə sahib ölkə seçilib. Bu il İspaniya “ən yaxşı çimərliklər” nominasiyasında öz rekordunu yeniləyib. Ekoloji və İstehlakçılar Maariflənməsi Assosiasiyasının (ADEAC) məlumatına əsasən, İspaniyada bu il 586 “mavi bayraq” sertifikatına sahib çimərlik qeydə alınıb. Bu ölkədə ən yaxşı yay istirahəti üçün regionlar sırasında Valensiyanın adı çəkilir - burada 125 “mavi bayraq” işarəli çimərlik var. Siyahıda növbəti yerləri Qalisiya (123), Kataloniya (98), Əndəlüs (76) və s. tutur.
Reytinq cədvəlində ikinci yerdə 444 “mavi bayraqla” Türkiyə, daha sonra isə Yunanıstan (430), Fransa (400) və Portuqaliya (315) gəlir.
Türkiyədə 2000-ci ildə 97 “mavi bayraq”lı çimərlik var idisə, bu gün onarın sayı 444-ə çatıb. Türkiyədə “mavi bayraq”lı çimərliklər sırasında birinci yerdə Antalya, digər yerlərdə isə Muğla, İzmir, Aydın bölgələridir.
Beynəlxalq səviyyəli bu mükafatı almaq isə hər çimərliyin öz işini yüksək səviyyədə həyata keçirməsinin göstəricisi olaraq turistlərin diqqətini cəlb etməkdədir. Azərbaycanda olan çimərliklərdən hələ heç biri “mavi bayraq” almayıb. Ümid edək ki, yaxın vaxtlarda ölkəmiz çimərlik turizminin yaradılmasında mövcud olan potensialından daha səmərəli istifadə edəcək. Çimərliklərimiz də dünya standartlarında xidmətlər təklif edərək bayrağa layiq görüləcək.
Fariz Hüseynov