“Azərbaycanda atılan addımlar, ölkəmizin dünyaya təqdimatı turizmin inkişafına da xidmət göstərir”
“Bu gün biz Azərbaycanda çox böyük turist axınını müşahidə edirik. Ölkəmizin təbii imkanları, şəhərlərimizin gözəlliyi, Azərbaycanda hökm sürən sabitlik, təhlükəsizlik, əlbəttə ki, turistləri daha da çox cəlb edir. Eyni zamanda, Bakıda və ölkəmizin digər yerlərində keçirilən mötəbər beynəlxalq tədbirlər, əlbəttə, burada öz rolunu oynayır, Avropa Oyunları, Formula-1 yarışı, onun auditoriyası 500 milyon insandır. Qəbələ şəhərində artıq bu il səkkizinci dəfə beynəlxalq musiqi festivalı keçirilib. Bütün bu tədbirlər, əlbəttə ki, Azərbaycanı turistlər üçün daha da cəlbedici ölkəyə çevirir. “ASAN VİSA” xidmətinin fəaliyyətə başlamasından sonra, - bu da oktyabr ayında nəzərdə tutulur, - əminəm ki, gələnlərin sayı daha da artacaq”.
Prezident İlham Əliyev bu sözləri avqustun 10-da Qəbələ rayonuna səfəri zamanı bildirib. Dövlət başçısı vurğulayıb ki, turizm hər bir ölkə üçün çox mühüm əhəmiyyət daşıyan bir sahədir: “Şadam ki, Azərbaycanda atılan addımlar, ölkəmizin dünyaya təqdimatı turizmin inkişafına da xidmət göstərir. Qəbələ Azərbaycanın gözəl yerlərindən biridir. Bir neçə il bundan əvvəl mənim göstərişimlə beynəlxalq aeroport tikilib. Bu gün müxtəlif istiqamətlərə uçuşlar təşkil edilir. Gözəl memarlıq abidəsi olan Heydər Əliyev Mərkəzi, Mədəniyyət Mərkəzi, bir çox hotellər, Beynəlxalq Atıcılıq Mərkəzi tikilib və bu işlər davam etdirilir. Qəbələ indi Bakıdan sonra Azərbaycanda ikinci turizm mərkəzidir”.
Qeyd edək ki, ölkə başçısı Qəbələyə səfəri zamanı “Qafqaz Tufandağ Mountain Resort” hotelinin açılışında iştirak edib.
Hotelin inşası 2014-2016-cı illərdə “Şinkar Holdinq” tərəfindən həyata keçirilib. Ərazisi 4 hektar olan hotelin tikinti sahəsi 3400 kvadratmetrdir. Beşmərtəbəli binada 50 nömrə var. Ərazidə 3 kottec də tikilib. Sahəsi 1692 kvadratmetr olan terras yaradılıb, xizək ləvazimatlarının kirayəsi və satışı mağazası açılıb, xizək yolu eskalatoru qurulub və təlimlər üçün otaqlar inşa edilib. Bu da qış mövsümündə hoteldə dincələn qonaqların xidmətlərdən yüksək səviyyədə istifadə etmələrinə geniş imkanlar açır.
Prezident Qəbələdə icrası davam edən turizm və idman infrastrukturu layihələri ilə də tanış olub. Məlumat verilib ki, “Şinkar Holdinq” tərəfindən aparılan layihələndirmə və tikinti işləri çərçivəsində 2,5 hektar ərazidə 226 nömrədən ibarət yeni “Qafqaz Akva Lənd” hotelinin inşası həyata keçirilir.
Tikintisi davam etdirilən infrastruktur layihələrindən biri də “Qafqaz Daymond Akvapark”dır. Bu layihə çərçivəsində müxtəlif təyinatlı hovuzlar şəbəkəsi qurulacaq. Bundan əlavə, “Qəbələnd” əyləncə mərkəzi və “Akva Lənd” hotelinin yaxınlığında dağların bənzərsiz gözəlliyinə açılan mənzərəli bir ərazidə yerləşən “Qəbələ Qolf Villaları” qonaqlara xoş və maraqlı istirahət imkanı təqdim edəcək.
Ərazidə 66 villa inşa edilib. Burada 72 hektar ərazidə qolf sahəsi salınır. Qolf məşq sahəsi, qolf klub da azarkeşlərin istifadəsinə hazırlanır.
Dövlət başçısı görülən işlərlə bağlı müvafiq tapşırıq və tövsiyələrini verib.
Dövlət başçısı regionda turizmin inkişafı məsələsinə İsmayıllı rayonunda sakinlərlə görüşü zamanı da toxunub. Qeyd edib ki, son vaxtlar ölkəmizə, xüsusilə şimal-qərb zonasına turistlərin axını müşahidə olunur: “Mən demişəm, bir daha demək istəyirəm ki, Şamaxıdan Balakənə qədər bütün bu bölgə beynəlxalq turizm zonasına çevrilməlidir və bu istiqamətdə işlər gedir. Əlbəttə ki, ilk növbədə infrastruktur layihələri icra edilməli idi və onların böyük hissəsi icra edildi. Qəbələdə beynəlxalq aeroport tikildi. Bu beynəlxalq aeroport bütün zona əhalisi üçün böyük əhəmiyyət daşıyır. Zaqatalada aeroport tikildi. Avtomobil yolları tikilir. İndi Bakı-Şamaxı avtomobil yolu dörd zolağa genişləndirilir. Yol infrastrukturu, müasir mehmanxanaların tikintisi, əlbəttə ki, turizm üçün əsas şərtdir”.