Viza rejiminin sadələşdirilməsi bu ölkələrdən turist sayını kəskin şəkildə artırıb

Məlum olduğu kimi, Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının yekunlarına həsr olunan iclasında verdiyi tapşırıqların icrası ilə əlaqədar olaraq 2016-cı il fevralın 1-dən Qətər, Oman, Səudiyyə Ərəbistanı, Bəhreyn, Küveyt və digər ölkələrin vətəndaşlarına Azərbaycanın beynəlxalq statuslu hava limanlarında sadələşdirilmiş viza rəsmiləşdirilməsi təmin edilir. Körfəz ölkələrindən turistlərin cəlb olunması və bu regionda Azərbaycanın təbliğat və təşviqat kampaniyalarının təşkil olunması istiqamətində 2011-ci ildən Mədəniyyət və Turizm Nazirliyi tərəfindən həyata keçirilən tədbirlərin davamı olaraq bu ölkələrə münasibətdə viza rejiminin sadələşdirilməsi respublikamıza turist axınına ciddi şəkildə təsir göstərib.
2016-cı ilin birinci yarısında Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) ölkəmizə gələn turistlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə (530 nəfər) 19 dəfə artaraq 10 086 nəfər təşkil edib. Bəhreyndən gələn qonaqların sayında isə ötən illə müqayisədə (32 nəfər) 2016-cı ilin birinci yarısında (422 nəfər) 13 dəfə artım qeydə alınıb.
Ərəb ölkələri arasında ən yüksək artım tempi İraqdan gələn turist sayında özünü göstərib. Cari ilin ilk altı ayı ərzində 11 028 nəfər İraq vətəndaşı ölkəmizə səfər edib ki, bu da ötən ilin müvafiq dövründəkindən (376 nəfər) 30 dəfə çoxdur.
2016-cı ilin birinci yarısında ərəb ölkələrindən Azərbaycana səfər edən vətəndaşların sayı ümumilikdə 25 min nəfər təşkil edib ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 22 min nəfər (8 dəfə çox) artım deməkdir.
Beləliklə, viza rəsmiləşdirilməsinə dair islahatlar, eləcə də hədəf bazarlar üzrə Azərbaycanın müsbət turizm imicinin yaradılması istiqamətində aparılan məqsədyönlü tədbirlər sayəsində Azərbaycan ərəb ölkələri üçün prioritet turizm mərkəzlərindən birinə çevrilməkdədir.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar