2016-cı ilin ötən dövrü ərzində Göygöl Milli parkını 40 mindən çox insan ziyarət edib
Ölkəmizdə yay turizm mövsümü yekunlaşmaq üzrədir. Amma Azərbaycanın iqlim cəhətdən əlverişli şəraitə sahib olması, payızın ilk aylarında da havaların ilıq və isti keçməsi, əslində, yaydan başlanan istirahət və səyahət səfərlərini bu mövsümdə də davam etdirməyə imkan verir.
İstər yerli, istərsə də xarici turistlərin həvəslə üz tutduqları səfalı guşələrimizdən biri də təbiət möcüzəsi olan Göygöldür. 2015-ci ildə yenidən turistlərin üzünə açılan bu məkan cari ildə də bir çox səyahət və təbiət qoynunda istirahət həvəskarlarını cəlb edib.
Göygöl Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Şərqiyyə Hümbətovanın bildirdiyinə görə, ötən il Göygölə gələn turistlərin sayı 51 min nəfər olub. 2016-cı ildə isə bu rəqəmin daha da böyük olacağı gözlənilir.
Şöbə müdiri deyir ki, 2008-ci ildən Göygölə Milli park statusu verildikdən sonra burada ekoloji vəziyyətin yaxşılaşdırılması və turizm infrastrukturunun yenidən qurulması üzrə köklü tədbirlər görülüb. Ərazinin yenidən kütləvi istirahət və gəzintilərə açılması ilə bağlı burada təbiətin mühafizəsi və ekosistemin qorunması istiqamətində daimi nəzarət həyata keçirilir. Göygöldə təbii şəraitin qorunması, ərazinin təmiz saxlanılması üçün milli parka daxil olan hər bir turistlə maarifləndirici iş aparılır, ərazidə diqqət yetirilməli olan qaydalar izah olunur.
2016-cı ilin ötən dövrü ərzində Göygölə 40 min nəfərdən artıq turist gəlib. İlin sonuna kimi gələn turistlərin sayı isə ötən ilkindən çox olacaq. Yerli turistlərlə yanaşı xarici turistlərin təbiət incisinə marağı olduqca böyükdür.
Qeyd edək ki, bənzərsiz gözəlliyi, suyunun şəffaflığı ilə seçilən bu göl 1139-cu ildə Gəncədə baş vermiş zəlzələ nəticəsində Kəpəz dağının uçaraq Ağsu çayının qarşısını kəsməsi nəticəsində yaranıb. 1925-ci ildə bu ərazidə Göygöl Dövlət təbiət qoruğu yaradılıb. Gölün su səthi 80 hektar, ən dərin yeri isə 95 m-dir. 2008-ci ildə Göygöl Dövlət təbiət qoruğunun bazasında və ona bitişik ərazilərin hesabına sahəsi genişləndirilərək, 12755 hektar ərazidə Göygöl Milli parkı yaradılıb. Onun 5094 hektarı meşə, 109 hektarı su, yerdə qalan hissəsi isə açıq və dağ sahələridir. Bu ərazidə Göygöldən başqa 10-dan artıq xırda göl də var. Bunlar Maralgöl, Zəli, Qara, Güzcü, Çoban və başqa göllərdir. Adları çəkilən göllərin hər biri özünəməxsus şəkildə gözəl, füsunkar və möcüzəlidir. Göygöl Milli parkının ərazisi zəngin bitki örtüyünə və heyvanat aləminə də malikdir.
Fariz Hüseynov