“Ölkəmizin turizm potensialını layiqli səviyyədə təqdim etmək üçün hər zaman yüksəkixtisaslı kadrlara ehtiyacı var”

Sentyabrın 15-də Azərbaycan Turizm və Menecment Universitetində yeni dərs ilinin başlanması və Bilik günü münasibətilə təntənəli mərasim keçirildi.
Əvvəlcə Azərbaycan Respublikasının dövlət himni səsləndirildi.
Universitetin rektoru səlahiyyətlərini icra edən Eldar Aslanov çıxış edərək 2016/2017-ci tədris ilinin başlanması münasibətilə müəllim-tələbə heyətini təbrik etdi. Bildirdi ki, bu il ali məktəbin 10 yaşı tamam oldu. Prezident İlham Əliyevin 22 dekabr 2014-cü il tarixli sərəncamı ilə Azərbaycan Turizm İnstitutunun bazasında Azərbaycan Turizm və Menecment Universiteti yaradılıb.
Vurğulandı ki, ildən-ilə tələbələr daha yüksək nəticələrlə bu təhsil ocağına qəbul olunurlar: “Ali məktəb seçimi hər bir gəncin həyatında mühüm qərarlardan biri olub, onların uğurlu peşə fəaliyyətinə keçiddə, bir şəxsiyyət kimi formalaşmasında böyük rol oynayır. İnanıram ki, bu seçiminizdə yanılmayacaqsınız. İndiyədək bakalavr pilləsini bitirən 1600 məzunumuzdan 106 nəfər magistr dərəcəsi, 151 nəfər isə bakalavr və magistr pilləsində ölkəmizdə ilk dəfə olaraq ikili diplom - Azərbaycan Turizm və Menecment Universiteti və Avstriyanın İMC Krems Tətbiqi Elmlər Universitetinin diplomlarını alıb”.
Eldar Aslanov qeyd etdi ki, hazırda ATMU məzunları Azərbaycanın nüfuzlu hotel və turizm müəssisələrində məsul vəzifələrdə çalışırlar. Bu tədris ilində tələbələrdən Türkiyədə 13 nəfər, İsraildə 30, İspaniyada 2, Rusiya və Şimali Kiprdə 1 nəfər, həmçinin 200-dən çox tələbə ölkəmizdə istehsalat təcrübəsini uğurla başa vurub.
Bildirildi ki, 2016/2017-ci tədris ilində ATMU-ya 13 ixtisas üzrə 454 tələbə qəbul olub. Onlardan 81 nəfəri dövlət sifarişi əsasında, 373 nəfəri isə ödənişli əsaslarla oxuyacaq. Ümumilikdə bu dərs ilində ATMU-da bakalavr pilləsində 1744 nəfər, ikinci ali təhsildə 41, magistratura pilləsində 134 nəfər təhsil alacaq.
Eldar Aslanov tələbələrə savadlı və peşəkar kadr kimi yetişmək üçün tövsiyələr də verdi: “Tədris proqramını lazımi səviyyədə mənimsəmək, bir neçə xarici dil öyrənmək, təhsil və təcrübənin üstünlüklərindən səmərəli faydalanmaq, universitetimizin şərəfini daim uca tutmaq siz tələbələrin dərslərə müntəzəm hazırlığından asılıdır. Sizlərdən tələbimiz bundan ibarətdir ki, hər zaman öz üzərində çalışan, davamiyyətə əməl edən, ictimai tədbirlərdə fəallıq göstərən tələbələrimiz olasınız”.
Mərasimdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev yeni tədris ilinin başlanması münasibətilə tələbə və müəllimləri təbrik etdi. Universitetdə artıq 11-ci tədris ilinə başlandığını qeyd edən nazir təhsilə, o cümlədən turizm sahəsində kadr hazırlığına dövlət qayğısından danışdı. Bildirdi ki, Prezident İlham Əliyevin sentyabrın 1-də imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncamda bu məsələ əksini tapıb: “Prezident İlham Əliyev ölkəmizin təhsil sisteminin, onun maddi-texniki bazasının gücləndirilməsinə, bu sahədə beynəlxalq əlaqələrin formalaşmasına, yeni təhsil ocaqlarının yaranmasına hər zaman diqqət və qayğı göstərir. Ölkə rəhbərliyinin bilavasitə diqqət mərkəzində olan və böyük iqtisadi potensiala malik turizm sənayesinin inkişafı bu təhsil ocağında yetişən kadr potensialının hazırlıq səviyyəsindən asılıdır. Turizmin milli iqtisadiyyatımızın prioritet istiqaməti kimi müəyyənləşdirilməsi bu universitet üçün yeni imkan və perspektivlər açır. Ölkəmizdə turizm sahəsi üzrə ixtisaslaşmış yeganə ali məktəb olan Turizm və Menecment Universiteti qısa müddət ərzində bu sahədə qabaqcıl təhsil müəssisəsi olmaqla yanaşı, turizm sektorunda çalışan elm, təhsil və biznes dairələrinin nümayəndələrini özündə birləşdirə biləcək məkana çevrilib”.
Bildirildi ki, bu gün turizm sənayesi bütün dünyada iqtisadiyyatın ən gəlirli sahələrindən birinə çevrilib. Buna görə də əhəmiyyətli coğrafi mövqeyə, iqlimə, təbiətə, zəngin tarixə, mədəni irsə, mətbəx mədəniyyətinə sahib olan ölkəmizin turizm potensialını turistlərə layiqli səviyyədə təqdim etmək üçün yüksəkixtisaslı kadrlara ehtiyacı var: “Hər il ölkəmizdə yeni-yeni hotellər, turizm mərkəzləri açılır. Həmin müəssisələrə yüksəkixtisaslı kadrların hazırlanması üçün yaradılmış Azərbaycan Turizm və Menecment Universitetinin böyük gələcəyi olduğunu görürük. Bu məsuliyyətli vəzifəni ölkəmizdə artıq 11-ci ildir ki, ATMU öz üzərinə götürüb. Qısa müddət olmasına baxmayaraq, bu ali məktəb üzərinə düşən vəzifəni layiqincə yerinə yetirməkdədir. İndi bu təhsil ocağını bitirən tələbələr nəinki Azərbaycanda, eyni zamanda bir çox xarici ölkələrin turizm sənayesində çalışırlar”.
Nazir vurğuladı ki, hazırda Azərbaycanın turizm sektorunda 50 min nəfərdən artıq insan çalışır, ölkə üzrə ümumi daxili məhsulun 4,5 faizə qədəri turizm sənayesinin payına düşür: “Bu, başlanğıcdır və Azərbaycanda turizm sənayesinin böyük gələcəyi var”. Sonda ATMU-nun müəllim-tələbə heyətini əlamətdar gün münasibətilə bir daha təbrik edən Əbülfəs Qarayev onlara yeni-yeni uğurlar arzuladı, universitetə yüksək balla qəbul olan tələbələrə tələbə biletlərini təqdim etdi.

F.Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar