Bu gün turizm sənayesi Azərbaycan iqtisadiyyatının qeyri-neft sektorunda prioritet istiqamətlərindən biridir. Bu sahənin inkişafının davamlılığını təmin etmək məqsədilə mühüm proqram və layihələr icra olunur, qanunvericilik təkmilləşdirilir, dövlətin dəstəyi ilə müvafiq infrastruktur yaradılır.

Prezident İlham Əliyevin 2016-cı il 1 sentyabr tarixində imzaladığı “Azərbaycan Respublikasında turizmin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam sektorun gələcək inkişafı üçün yeni bir mərhələ açır.
Sərəncama uyğun olaraq həyata keçiriləcək tədbirlərdən biri də paytaxt Bakıda ticarət festivallarının (“shopping festival”) təşkilidir. Hazırda bu istiqamətdə müvafiq işlər görülür. Ölkəmiz üçün ticarət festivallarının keçirilməsi yeni xidmət sahəsi hesab edilsə də, dünyanın bir sıra ölkələrinin turizmin təşviqi məqsədilə belə tədbirlərin keçirilməsində böyük təcrübələri var.

Turistlər üçün cəlbedici məkan

Ticarət festivalları ölkəyə turistlərin marağını cəlb etmək üçün əsas vasitələrdən biridir. Belə festivallar əsasən iri şəhərlərdə təşkil olunur. Adətən “shopping festival”lar bir ay və daha çox davam edir. Bu zaman alış-veriş mərkəzlərində satışa çıxarılan dünya və yerli brendlərə 30-70%, bəzən isə daha çox endirim edilir. Ticarət mərkəzlərini ziyarət edən turistlər nəinki xərclədiyi pulların bir hissəsini “tax-free” sistemi vasitəsilə geri ala bilir, hətta onlara müxtəlif hədiyyələr də təqdim edilir. Bir çox hotellərdə turistlər üçün ticarət mərkəzlərinə ödənişsiz avtobuslar da xidmət göstərir.
Festivala diqqəti cəlb etmək üçün yerli və dünya markalarının özəl təqdimatları ilə yanaşı, gecə saatlarına qədər davam edən konsertlər, tanınmış müğənnilərin çıxışları təşkil olunur. Şəhərin böyük ticarət mərkəzlərini və çoxsaylı mağazaları əhatə edərək günlərlə davam edən alış-veriş, əyləncə, moda və sənət-mədəniyyət sahələrini əhatə edən proqram hazırlanır.

Dünyada ən məşhur “shopping festival”lar

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində ənənəvi olaraq hər ilin yanvar-fevral aylarında “Dubai Shopping Festival” keçirilir. Artıq 19 ildir ki, keçirilən bu tədbir dünyanın ən yaxşı 5 alış-veriş festivalından biri hesab olunur. Qeyri-rəsmi olaraq dünyanın ticarət paytaxtı hesab olunan bu şəhərdə keçirilən festival zamanı izdiham yaşanır. Ümumiyyətlə, hər il Dubayda yeni ticarət mərkəzləri inşa olunur ki, burada müştərilər geyim, zinət əşyaları, ətriyyat və kosmetika, oyuncaq, məişət texnikası ala bilər, eyni zamanda ticarət mərkəzlərindəki kinoteatr, attraksionlar, idman meydançaları, akvarium, şəlalə və digər əyləncə məkanlarını da ziyarət etmək imkanı qazanırlar. Sözügedən festival çərçivəsində tanınmış dünya brendləri, geyim mağazaları, butiklər müştərilərə bütün malları böyük endirimlərlə təklif edirlər.
Beşliyə daxil olan daha bir festival “Hong Kong Shopping Festival”dır. Honkonq Asiya-Sakit okean regionunda ən yaxşı alış-veriş mərkəzlərinin olduğu şəhərlər sırasında öndə gedir. Festival zamanı bura səyahət edən turistlərin də əksəriyyəti region ölkələrinin vətəndaşları olurlar.
Artıq 21 ildir ki, iyun-iyul aylarında “Great Sinqapur Sale” ticarət festivalı təşkil olunur. Sinqapurda böyük endirimlər zamanı şəhər beynəlxalq alış-veriş mərkəzinə çevrilir. Burada da əksər ticarət mərkəzlərini əhatə edən festival zamanı müxtəlif mallar müştərilərə böyük endirimlə təklif olunur. Sinqapurdakı ticarət festivalı səkkiz həftə müddətində suvenirlər, lüks mallar, kosmetika, yemək-içmək və xüsusi gəzinti turlarına endirimlər olur, eləcə də gündəlik hədiyyələr verilir.
Cənubi Koreyada təşkil olunan “Korea Grand Sale” və Amerika Birləşmiş Ştatlarında keçirilən “USA Outlet Shopping Festival”ı da dünyanın ən məşhur beş ticarət festivalı sırasında yer alır.
Dünya turizm sənayesində güclü mövqeyinə görə seçilən Türkiyədə də ticarət festivalları ilə xarici turistlərin marağını cəlb etməyə çalışırlar. Hər il təşkil olunan “İstanbul Shopping Festival”ına xaricdən 1 milyona yaxın turist gəlir. İstanbulu dünyanın ən məşhur moda və ticarət mərkəzlərindən birinə çevirməyi hədəfləyən festivala daha çox qardaş ölkə ilə sərhəd olan ölkələrdən, o cümlədən Azərbaycandan olan turistlər üz tutur.

F.Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar