"Baku Guide" bələdçi kataloqunun oktyabr sayı çapdan çıxıb
Sentyabr ayı ölkəmizin, xüsusilə paytaxt Bakının həyatında müxtəlif beynəlxalq tədbirlər, mədəniyyət layihələri, turizm sektorunda yeniliklərlə yadda qaldı. Payız mövsümünün qarşıdakı ayları bu baxımdan daha zəngin olacaq. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə, "Mədəniyyət" qəzetinin əlavəsi olaraq nəşr olunan "Baku Guide" bələdçi kataloqunun yeni sayı da ötən ayın əlamətdar tədbirlərinə ekskurs etməklə bərabər, bu ay paytaxt sakinlərini və şəhərimizin qonaqlarını teatr-konsert müəssisələrində, kino və sərgi salonlarında gözləyən maraqlı hadisələrdən söz açır.
Ötən ayın əsas mədəniyyət hadisəsi olan VIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalına müxtəlif ölkələrdən sənətçilər qatılmışdı. “Böyük bəstəkarın musiqi işığında” başlıqlı yazıda Heydər Əliyev Fondunun və Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə reallaşan festival barədə məlumat verilir. 22-30 oktyabrda isə Bakı ənənəvi beynəlxalq caz festivalına ev sahibliyi edəcək. Bələdçi kataloqunun bu sayında dünya cazmenlərini bir araya gətirən, caz musiqisi həvəskarlarının böyük maraqla gözlədiyi festivalın gündəliyi, bütün konsertlərin proqramı əksini tapıb.
Kataloqda həmçinin noyabr ayında Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı keçiriləcək IV Bakı Beynəlxalq Teatr Konfransına hazırlıq barədə də məlumat verilib. “Multikulturalizm və teatr” mövzusuna həsr olunacaq budəfəki teatr forumuna 40-dək ölkədən teatr xadimləri, sənətşünaslar qatılacaq.
“Açıq havada incəsənət məkanı” başlıqlı yazı Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyasının təşkilatçılığı ilə paytaxtın Fəvvarələr meydanı yaxınlığında bir neçə aydır davam edən layihədən söz açır. Nizami küçəsində təşkil olunan rəssamların əl işlərinin satış-sərgisi, bu məkanda bölgələrimizin dekorativ-tətbiqi sənətinin nümayişi, folklor kollektivlərinin çıxışları şəhər sakinləri və qonaqların böyük marağına səbəb olur.
Ötən ay Bakıda keçirilən 42-ci Şahmat Olimpiadası da bütün dünyada zəka oyunu həvəskarlarının diqqət mərkəzində idi. Bu mötəbər beynəlxalq turnirin yekunlarına həsr olunmuş yazıda yarışlarda iştirak edən məşhur şahmatçıların Bakı və ölkəmiz haqqında təəssüratlarına yer verilib.
“Şəki - Türk dünyasının mədəniyyət paytaxtı” yazısı isə oxucuları qədim və müasir şəhərə, son illər çeşidli festivalların, beynəlxalq tədbirlərin məkanı kimi də tanınan Şəkiyə səyahətə götürür, TÜRKSOY-un “mədəniyyət paytaxtı” layihəsinin əhəmiyyəti diqqətə çatdırılır.
Kataloqun bu sayında Azərbaycana gələn əcnəbi turistlərin diqqətini çəkəcək yenilikdən - “Tax free” sisteminin tətbiqindən də bəhs olunur, bu sisteminin üstünlükləri, şərtləri barədə məlumat verilir.
Bakının incəsənət həyatını yaxından izləmək istəyənlər paytaxt teatrlarının oktyabr ayı repertuarı, eləcə də şəhərdəki kino nümayişi mərkəzlərinin afişası ilə Azərbaycan və ingilis dillərində tanış ola bilərlər. Aktiv, adrenalin dolu istirahətə üstünlük verənlər də onları maraqlandıran əyləncə gecələri, konsertlər barədə məlumat əldə edə biləcəklər.
“Azərbaycan mətbəxi” rubrikasında isə bu dəfə əcnəbi oxucular əsasən ölkəmizin cənub bölgəsində hazırlanan ləzzətli təamın - qozlu kükünün hazırlanma qaydası ilə tanış olacaqlar.
Mədəniyyət və Turizm Nazirliyin nəzdində fəaliyyət göstərən “Baku City Tour”, turun marşrut və dayanacaqları, göstərilən xidmətlərlə bağlı məlumat da nəşrdə yer alıb. Turistlər üçün informasiya bölməsində isə onları maraqlandıra biləcək suallar cavablandırılır. Turizm agentləri, aviakassalar, hava yolları, hotel, restoran, ticarət və əyləncə məkanları haqqında məlumatlar, avtomobil kirayəsi, çağrı mərkəzlərinin əlaqə nömrələri və s. kataloqda öz əksini tapıb.