İstanbulda Azərbaycanın mətbəx nümunələrinin tanıtımı təşkil olunub

Xəbər verildiyi kimi, Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyi olan “Gateway” şirkəti tərəfindən İstanbul şəhərində ölkəmizin mətbəx nümunələrinin tanıtımı məqsədilə “Qardaş süfrəsi” adlı tədbir keçirilib. Azərbaycanlı aşpazların hazırladığı milli mətbəximizin ləziz təamlarından şah plov, dolma, balıq, fisincan və çığırtma iştirakçılar tərəfindən maraqla qarşılanıb.
“Gateway” şirkətinin rəhbəri Nurlana Çakmak çıxışında Azərbaycanın sadəcə neft və qaz ehtiyatları ilə tanınan ölkə olmadığını, qardaş ölkəni tarixi, mədəniyyəti, təbii gözəllikləri və zəngin mətbəxi ilə də tanıtmaq istədiklərini bildirib. Qeyd olunub ki, nümayəndəlik tərəfindən ölkəmizin təbliği istiqamətində bir sıra layihələr həyata keçirilib. Bu tədbirin də həyata keçirilməsində məqsəd ölkəmizin milli yeməklərinin qardaş Türkiyədə geniş yayılması və tanıdılmasıdır.
Tədbir Türkiyə mətbuatında da geniş işıqlandırılıb. “Milliyyet”, “Habertürk”, “Posta”, “İstanbul”, “Muğla”, “Olay 53” və digər qəzet və saytlarda dərc edilən yazılarda Azərbaycanın mədəniyyəti və mətbəxi haqqında məlumatlar yer alıb. Həmçinin iki ölkənin ortaq mədəniyyəti, tarixi, turizm imkanları ilə bağlı dəyərli məqamlar əksini tapıb.
Qeyd olunub ki, Azərbaycan zəngin turizm potensialına malikdir. İki qardaş ölkə bu potensialdan bəhrələnməli, bir-biri ilə təcrübəsini bölüşməlidir. Məqalələrdə Azərbaycanda mətbəx turizminin də inkişaf etdiyi diqqətə çatdırılır. Türkiyə ilə ortaq mətbəx ənənələri, dadlı Azərbaycan şirniyyat və yeməklərinin qardaş ölkədə tanıdılmasının vacibliyi vurğulanır.
Bildirilir ki, ortaq mədəniyyəti və mətbəxi olan ölkələrin turizm sahəsində faydalı işbirliyi qurması üçün ciddi maneə yoxdur. Çünki oxşar cəhətlər səyahətlər zamanı insanın özünü evindəki kimi rahat hiss etməsinə şərait yaradır. Turizm sahəsində mətbəx əsas şərtlərdən biridir. Əgər mətbəx ağız dadına uyğundursa, deməli, həmin məmləkəti ziyarət etməyə dəyər. Plovlar, dolmalar, balıq yeməkləri, səbzilər, salatlar bizə yad olmayan ləzzətlərdir. Azərbaycan yeməkləri Qars bölgəsinin ləzzətlərini xatırladır. Şirniyyatlar isə günün istənilən vaxtında təklif edilə biləcək bənzərsiz desertdir. Elə bütün bu səbəblərdən Azərbaycanın Türkiyədən ciddi anlamda turist gözləmək haqqı var...
Qeyd edək ki, “Gateway” şirkəti Azərbaycanın Türkiyədəki turizm nümayəndəliyi olaraq bu ilin fevral ayında Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə fəaliyyətə başlayıb. Şirkət vasitəsilə yerli populyar mətbuat orqanlarında Azərbaycanın tanıtımı həyata keçirilir. “Qardaş süfrəsi” də ölkəmizin qardaş Türkiyədə daha yaxından tanıdılması məqsədini daşıyır.

L.Azəri







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar