AŞ Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri Azərbaycan deputatının sualını cavablandırıb

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Strasburqda keçirilən payız sessiyasının (10-14 oktyabr) plenar iclasında AŞ Nazirlər Komitəsinin fəaliyyətdə olan sədri, Estoniyanın xarici işlər naziri Yurgen Liqi deputatların suallarını cavablandırıb.

Azərbaycan nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropa Şurasına üzv ölkələr arasında əlaqələrin möhkəmləndirilməsi zərurətinə diqqəti çəkərək belə bir sualla müraciət edib: “Turizm iqtisadi faydalardan əlavə ölkələr arasında əlaqələrin dərinləşməsində, dostluq münasibətlərinin inkişafında müstəsna yer tutur. Mahiyyət etibarı ilə onun həm də siyasi yükü var. Avropa Şurasına üzv ölkələrin bir qismi arasında belə əlaqələr ya ümumən mövcud deyil, ya da olanlar fərdi təşəbbüslərdən qaynaqlanır və pərakəndə şəkildə mövcuddur. Avropa Şurasına daxil olan ölkələr arasında turizm əlaqələrini inkişaf etdirmək məqsədilə Nazirlər Komitəsi xüsusi proqram hazırlayaraq bu işi bir sistem halında reallaşdırmaq üçün təşəbbüskar ola bilərmi?”
Sualı cavablandıran Yurgen Liqi bildirib ki, üzv ölkələr arasında mədəni əlaqələrin inkişafı, əməkdaşlığın daha intensiv şəkil alması Avropa Şurası Nazirlər Komitəsinin daimi maraq dairəsində olan məsələlərdəndir. Avropa Şurasının bu istiqamətdə çox iş gördüyünü bildirən nazir həmin fəaliyyətlərin genişləndirilməsi üçün yeni imkanların axtarılmasının vacibliyini vurğulayıb. O, Avropa Şurasının “Mədəniyyət marşrutları haqqında razılaşma” adlı sənədinin mövcud olduğunu, mədəniyyət münasibətlərinin, qarşılıqlı sosial proqramların, turizm əlaqələrinin həmin çərçivədə gerçəkləşdirildiyini bildirib.
Nazirlər Komitəsinin sədri əlavə edib ki, Azərbaycan deputatının turizm əlaqələrinin inkişaf etdirilməsi məqsədilə xüsusi proqramın tərtib edilməsi təklifi diqqətəlayiqdir və həmin proqram rəmzi Avropa evinin yaranması, üzv ölkələrin bir-birini daha yaxından tanıması və əlaqələrin inkişafı üçün əhəmiyyətli təsir göstərə bilər.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar