Amerika portalı Naxçıvandakı Duzdağ haqqında yazıb
ABŞ-ın “Foreign Policy News” analitika portalı beynəlxalq münasibətlər üzrə ekspert Piter Teyzin “Naxçıvanda Duzdağ mədəni: unikal arxeoloji sərvət” sərlövhəli məqaləsini dərc edib.
Müəllif Naxçıvanda qədim mədəniyyətlərin və Avrasiyanın tarixinin öyrənilməsində son dərəcə mühüm tarixi əhəmiyyəti olan arxeoloji qazıntılardan yazır.
Qeyd olunur ki, Naxçıvan şəhərinin on kilometrliyində, Böyük İpək Yolunun üstündə yerləşən Duzdağ diqqətəlayiq tarixi yerlərdən biridir. Duz mədəni sanatoriya kimi istifadə olunur. Burada ağciyər xəstəliklərindən əziyyət çəkən adamlar müalicə alır.
Müəllif vurğulayır ki, azərbaycanlı mühəndislərin məlumatına görə, Duzdağda daş duz yataqlarının qalınlığı təqribən 150 metrdir. Onun ərazisi bir neçə kvadrat kilometri əhatə edir. Məqalədə bölgənin tarixi haqqında informasiya da təqdim edilib.