Bu fikir mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin “Əl-Fəcr” qəzetinə müsahibəsində yer alıb

Birləşmiş Ərəb Əmirliklərinin nüfuzlu “Əl-Fəcr” qəzetində Azərbaycanın bu ölkədəki səfirliyinin təşəbbüsü ilə oktyabrın 4-9-da respublikamızda səfərdə olan qəzetin baş redaktoru Şərif Əl-Bəsilin mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə müsahibəsi dərc olunub.

Müsahibədə nazir Azərbaycan və Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından danışaraq, gündən-günə dərinləşən bu münasibətlərin digər ölkələr üçün nümunə ola biləcəyini vurğulayıb. Ə.Qarayev Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirlikləri vətəndaşlarına münasibətdə viza rejiminin sadələşdirilməsi ilə bağlı göstərişinin ardınca ikitərəfli əlaqələrin daha da genişlənəcəyinə əminliyini ifadə edib.
Birləşmiş Ərəb Əmirliklərindən Azərbaycana hər ay on min insanın səfər etdiyini diqqətə çatdıran nazir respublikamızda turistlərə təqdim olunan xidmətlərin təkmilləşdirilməsi istiqamətində daim iş aparıldığını bildirib. O, turizm imkanlarının təbliği məqsədilə üç il əvvəl Dubayda Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyinin nümayəndəliyinin açıldığını nəzərə çatdırıb, ərəb xalqları ilə adətlərimizin oxşar olduğunu deyib.
Paytaxt Bakının yaxınlığında ziyarət olunmalı yerlər barədə sualı cavablandıran nazir Qobustan Milli tarixi-bədii qoruğunu, “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunu, eləcə də tolerantlıqla bağlı dini abidə və məbədləri, habelə 743-cü ildə Şamaxıda tikilmiş ən qədim Cümə məscidini qeyd edib, adları çəkilən abidələr haqqında ətraflı məlumat verib. Bildirilib ki, Qobustan tarixi-bədii qoruğu 2007-ci ildə UNESCO-nun Dünya irs siyahısına daxil edilib. Qoruğun nəzdində inşa olunan muzey dünyada ən gözəl beş muzeydən biridir.
Ə.Qarayev ərəb turistlərin bəyəndikləri yerlərdən bəhs edərək, bu xüsusda Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzini, Qəbələ və Quba rayonlarını misal çəkib. Əmin-amanlığın və sabitliyin hökm sürdüyü Azərbaycanda ərəb turistlərin istəklərinə uyğun hər cür şəraitin mövcudluğu və göstərilən xidmətlərin qiymətlərinin münasibliyi diqqətə çatdırılıb.
Turizm sahəsinə xarici investisiyaların yatırılması barədə suala cavab verən nazir Azərbaycan Prezidenti İlham Əliyevin xarici investisiyaların təşviqi məqsədilə qərarını xatırladaraq, ərəb və Körfəz sərmayədarlarını turizm obyektlərinə, restoran biznesinə, böyük tələbata malik üçulduzlu mehmanxanaların inşasına sərmayə yatırmağa dəvət edib.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın mədəniyyət və turizmin təbliği sahəsindəki rolu barədə sualı cavablandıran nazir son dərəcə xeyirxah şəxsiyyət olan Mehriban Əliyevanın ölkənin həm daxilində, həm də xaricində təhsil və ibadət ocaqlarının inşası kimi xeyriyyə işlərinə həmişə xüsusi diqqət ayırdığını bildirib. Heydər Əliyev Fondunun qlobal müstəvidə mədəniyyət və turizm, habelə bir sıra ibadət və arxeoloji obyektlərin təmiri üzrə layihələrin uğurla həyata keçirilməsindəki müstəsna töhfələri, birinci xanımın Azərbaycan ilə bütün müsəlman ölkələri arasında əlaqələrin möhkəmləndirilməsi işində mühüm rolu qeyd edilib.
Nazir, həmçinin Azərbaycanın dünya ölkələri ilə münasibətlərinin yüksək səviyyədə olmasını və Prezident İlham Əliyevin bu münasibətlərin hər zaman dəstəklənməsi, möhkəmləndirilməsi və daha da inkişaf etdirilməsində xüsusi rolunu vurğulayıb, bunun sayəsində ölkəmizin Cənubi Qafqaz və Orta Asiya regionlarında turizm və mədəniyyətə dair beynəlxalq konqres və konfransların, habelə mötəbər idman yarışlarının keçirildiyi mühüm məkana çevrildiyini vurğulayıb. O, 2017-ci ildə Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarının, Naxçıvanın 2018-ci il üçün “İslam mədəniyyətinin paytaxtı” elan olunmasının ərəb turistlərinin növbəti illərdə sayını daha da artıracağına inandığını qeyd edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar