Qəbələyə yağan ilk qar turistləri sevindirib

Qəbələ sakinləri, rayona gələn yerli və xarici turistlər hazırda burada iki fəslin vəhdətini yaşayırlar. Rayonun cənub hissəsində payız, şimalında isə qış fəslidir.
Rayona ilk qarın yağması “Tufandağ” turizm kompleksində istirahət edənlər üçün əsl sürpriz olub. Qarın yağması ilə Qəbələdə qış turizminə erkən start verilib. Rayonun dağlıq əraziləri ağ örpəyə bürünüb. Hazırda yerli və xarici turistlərin kanat yolu ilə dağlarda gəzintisi təşkil edilir.
Səudiyyə Ərəbistanından olan turist Məhəmməd İsmayıl bildirib ki, Qəbələdə havanın qəflətən dəyişməsi və qarın yağması onun üçün gözlənilməz olub: “Burada oktyabr ayında qar yağmasını təsəvvür etməzdim. Bizim ölkəmizdə nadir hallarda qar yağır və tez də əriyir. Qəbələdə isə tam başqa ab-havadı. Qarı görüb çox sevindim. Qəbələdəki müasir hotelləri, bizə yaradılan şəraiti, göstərilən xidməti çox bəyənirəm”.
“Tufandağ” hotelində dincələn əcnəbi turistlər Qəbələyə yağan ilk qarın yaratdığı gözəl mənzərəni videokameranın yaddaşına köçürür, xatirə şəkilləri çəkdirir, qartopu oynayır, qarlı havada dağlarda meşə gəzintisinə çıxırlar. Turistlər rayon mərkəzindən 4 kilometr şimalda və dəniz səviyyəsindən 1680 metr hündürlükdə olan kanatla dörd istiqamətdə dağ gəzintisinə çıxmaq və qarın yaratdığı əsrarəngiz mənzərəni seyr etmək fürsətini əldən buraxmaq istəmirlər.
Səudiyyə Ərəbistanından gələn digər turist Hacı Əli Amar burada dincəlməyin ona xüsusi zövq verdiyini deyib. O, Azərbaycana ilk dəfə səfər etdiyini, Bakıdan sonra istirahət üçün Qəbələyə gəldiyinə görə çox sevindiyini bildirib.
Birləşmiş Ərəb Əmirliklərindən Məhəmməd Yasif də Qəbələnin təbiətinin çox gözəl olduğunu, burada qış fəslində istirahət üçün hər cür şəraitin yaradıldığını, qar yağandan sonra arzuladığı gözəl qış mənzərəsini məhz burada gördüyünü deyib: “Hotel və istirahət mərkəzlərində infrastruktur və göstərilən xidmətin səviyyəsi ürəyimcədir. Qarlı havada meşə gəzintisinə çıxmaqdan və təbiət qoynunda şəkil çəkdirməkdən zövq alıram”.
Kanatla dağlardan aşağı, Qəbələ şəhərinə doğru qayıtdıqca qış fəsli yenidən payıza, qar isə yağışa çevrilir. Sinoptiklər isə Qəbələdə qarlı havanın hələ bir neçə gün davam edəcəyini proqnozlaşdırır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar