Rusiya telekanalında Azərbaycanın mədəni irsi və turizm imkanları haqqında veriliş

“Rossiya-24” televiziya kanalında Azərbaycan haqqında veriliş yayımlanıb. 26 dəqiqəlik “İşgüzar səyahət” verilişində ölkəmizin inkişafı, turizm imkanları, zəngin tarixi-mədəni irsi, ölkəmizdə idman, mədəniyyət sahələrinə göstərilən qayğı, mətbəximiz barədə ətraflı məlumat verilib.

Aparıcı Andrey Şlyapnikov əvvəlcə “təzadlar şəhəri” adlandırdığı Bakı haqqında söz açır. Qeyd edir ki, son illərdə Bakıya gedən turistlərin sayı xeyli artıb. Bu da təsadüfi deyil. İçərişəhər dünyanın dörd bir yanından gələn turistlər üçün zəngin təəssürat məkanıdır. “Burada sanki zaman donub”, - deyən aparıcı İçərişəhərdə bir çox filmlərin lentə alındığını xatırladır və qeyd edir ki, bu filmlərin arasında milyonlarla insanın sevdiyi “Brilyant əl” filmi də var.
Verilişdə rusiyalı turistlərin müsahibələri də yer alıb. Onlar paytaxtımızın onlar üçün çox maraqlı məkan olduğunu bildirirlər. Tamaşaçılara təndir çörəyinin hazırlanmasının sirləri də açılır, bu çörəyin çox dadlı və ətirli olduğu qeyd edilir. Sonra aparıcı Bakının müasir infrastrukturundan danışır, burada təşkil edilən beynəlxalq tədbirlərdən bəhs edir, bir müddət əvvəl paytaxtımızda Dünya Şahmat Olimpiadasının keçirildiyini xatırladır, “Formula-1” yarışının, ötən il ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkil edildiyini söyləyir. Qeyd edir ki, gələn il ölkəmiz 4-cü İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edəcək. 2020-ci ildə təşkil olunacaq futbol üzrə Avropa çempionatına ev sahibliyi edəcək 13 şəhərdən biri də Bakıdır.
Bakıdan sonra Qəbələyə səfər edən telejurnalist rayonun turistlər üçün çox cəlbedici olduğunu konkret məkanlardan söz edərək diqqətə çatdırır, Qəbələdə təşkil edilən beynəlxalq humanitar və mədəni tədbirlər barədə məlumat verir.
Sonra Şəkiyə yollanan verilişin çəkiliş qrupu Şəkinin yalnız ipək, şirniyyatlar və dadlı təamlar ilə tanınmadığını, son illərdə bu rayonda maraqlı festivalların keçirildiyini bildirir.
Şabran rayonundakı “Qalaaltı” müalicə-istirahət kompleksindən danışarkən jurnalist buraya Rusiyadan da çoxlu sayda turistin gəldiyini vurğulayır, bu kompleksin ən müasir səviyyədə yaradıldığını deyir.
Verilişdə “Şahdağ” Turizm Mərkəzinə də yer ayrılıb. İstər yayda, istərsə də qışda buraya gələn turistlərin çox razı qaldıqları bildirilir.
Verilişdə vurğulanır ki, azərbaycanlılar öz tarixlərini sevirlər və ənənələrinə sadiqdirlər. Min ildən artıq yaşı olan çövkən oyununa ölkəmizdə olan maraq bunu bir daha sübut edir. Jurnalist məşhur Qarabağ atları və bu atların Kraliça II Elizabetin yubileyi münasibətilə keçirilən tədbirdə iştirakını vurğulayır.
Veriliş bu fikirlə yekunlaşır: “Möhtəşəm idman tədbirləri, festivallar, qlobal forumlar, müasir kurortlarla yanaşı, azərbaycanlıların qonaqpərvərliyi və səmimiyyəti ölkəni turistlər, idman azarkeşləri və biznesmenlər üçün daha da cazibədar edir”.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar