Ankarada keçirilən sağlamlıq turizmi sammitində qlobal platformanın təqdimatı oldu

Xəbər verdiyimiz kimi, oktyabrın 19-dan 21-dək Ankarada “Qlobal sağlamlıq turizmi zirvəsi və sərgisi” (Health Sumex) adlı beynəlxalq tədbir keçirilib. 30-dan çox ölkənin iştirak etdiyi tədbirdə ölkəmizi Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası təmsil edirdi. Tədbirə assosiasiyanın üzvü olan turizm şirkətləri, ölkəmizdəki müalicəvi turizmi mərkəzlərinin əməkdaşları, həkimlər qatılmışdı.

Tədbirin ikinci günü, Dünya Sağlamlıq Turizmi Şurasının bu turizm növünü inkişaf etdirmək məqsədilə yaratdığı “Map2heal” internet platformasının təqdimatı oldu. Bildirildi ki, 2005-ci ildə yaradılan bu qurumun 87 ölkədə 146 nümayəndəliyi, 340-dan yuxarı üzvü var. Azərbaycan da qurumun təmsilçiləri sırasında yer alır. Üç ildir ki, üzərində işlənilən bu platformanın hazırlanmasında da Azərbaycan tərəfi mühüm rol oynayıb. Platforma “Sağlamlıqda sərhədləri birləşdirək” devizi altında fəaliyyət göstərir. Məsələn, Türkiyədə müalicə almağa gedən azərbaycanlı bu şəbəkə vasitəsilə özünə asanlıqla münasib tibb mərkəzi, xəstəxana tapa biləcək. Bundan başqa, internet danışıqları zamanı dillə bağlı əngəl də yoxdur, yəni sistem yazışmaları avtomatik tərcümə edəcək.
Layihədə ölkəmizin iştirakı ilə bağlı memorandumu imzalayan Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının icraçı direktoru Elnarə Cabbarova bildirdi ki, portal vasitəsilə həkim məsləhəti almaq da mümkündür: “Bu sistem vasitəsilə gələcəkdə Azərbaycan sağlamlıq müəssisələrinin də maraqlı bir layihəsi reallaşdırıla və həmin sistem üzərində dünya bazarına təqdim edilə bilər. Dünyanın hər yerindən sistemə girib Azərbaycanın sağlamlıq turizmi imkanları barədə məlumat əldə etmək olar. Bu da Azərbaycanın qlobal şəkildə tanıdılmasına, həmin sistem üzərində sağlamlıq paketlərinin tərtib edilməsinə şərait yaradacaq”.
Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyevin verdiyi məlumata görə, sammit çərçivəsində Türkiyənin Alanya Sağlamlıq Turizmi Dərnəyi, habelə Qırğızıstanın Sağlamlıq Müəssisələri və Klinikalar Mərkəzi ilə əməkdaşlıq protokolları imzalanıb. Məqsəd qarşılıqlı tədbirlər, sərgilər keçirməkdir. Gələn ay qırğız həkimlərin Naftalana və Qalaaltı sanatoriyasına infoturlarının təşkili nəzərdə tutulur.
Oktyabrın 21-də iştirakçılar Ankara Güven və Bayındır xəstəxanalarında müalicə metodları, yeni sistem və texnologiyalarla tanış oldular, mühazirələr dinlənildi, təcrübə mübadiləsi aparıldı.
* * *
Tədbirin son günü bəzi iştirakçıların təəssüratlarını öyrəndik.
Türkiyə Sağlıq Turizmi Şurasının baş katibi Yunus Kürgan:
- Türkiyə və bölgədəki digər ölkələr üçün faydalı bir konfrans oldu. Konfransa qatılan ölkələr də öz imkanlarını göstərə bildilər. Azərbaycanın da bu mənada çox aktiv bir rol oynadığını gördük. Gözəl şəbəkələr təqdim olundu və əlaqələr quruldu.

Alanya Sağlıq Turizmi Dərnəyinin rəhbəri Erkan Karadağ:
- Mən həm də həkim-uroloqam. Məqsədimiz Alanyada sağlıq turizmini daha da inkişaf etdirmək və tanıtmaqdır. Bu yaxınlarda Bakıda keçirilən turizm sərgisində iştirak etdik, görüşlər keçirdik. Konkret işgüzar əlaqələr qurmağa hazırlaşırıq. Azərbaycanda sağlıq turizmi ilə məşğul olan şirkətlərin çoxu Alanyaya müalicə üçün xəstə gətirmək istəyirlər. Bundan başqa, biz aprel ayında bir konfrans düzənləməyə hazırlaşırıq. “Qlobal sağlamlıq turizmi zirvəsi və sərgisi” təqdimatlar, fikir mübadiləsi baxımından faydalı oldu. Məsələn, Türkiyədə fəaliyyət göstərən bir neçə xarici ölkənin səfirləri ilə görüşdük. Onlar konfransa böyük maraq göstərdiklərini və bununla bağlı ölkələrində məlumat verəcəklərini bildirdilər. Məqsədimiz bütün dünya ilə əlaqələr qurmaqdır.

Həkim-psixiatr Həlimə Qəmərliniskaya:
- Bir neçə ölkədə sağlıq turizmi infoturlarında və konfranslarında iştirak etmişəm. Bu tədbir mənim üçün çox maraqlı oldu. Azərbaycanda həm diaqnostika, həm də müalicə sahələri heç də Türkiyədən geri qalmır. Amma Türkiyə səhiyyəsi öz təhsili ilə çox inkişaf edib. Bu gün əgər hər hansı xəstəliyin müalicəsində bir problem yaşayırsa, təbii ki, Türkiyəni məsləhət görərdim. Xəstəxanalara infotur zamanı ən müasir üsullardan, müalicə növlərindən istifadə olunduğunu gördük. Ümumiyyətlə, düşünürəm ki, Azərbaycan da daxil olmaqla dünyanın bütün ölkələrində sağlıq turizmi inkişaf etdirilməlidir.

“Bayandır” səhiyyə qrupunun beynəlxalq əlaqələr şöbəsinin əməkdaşı Sinan Süleymanov:
- Səhiyyə qrupunun iki xəstəxanası Ankarada yerləşir. Təklif etdiyimiz xidmətlər Türkiyədə bir özəl xəstəxananın təklif etdiyi bütün özəl xidmətlərin hamısını əhatə edir. Regiondakı tələbatı qarşılaya bilirik. Çalışırıq ki, uzunmüddətli xroniki xəstələri qəbul etməyək. Bunun xəstə üçün ağır maliyyə xərcləri olur. Belə konfransların əhəmiyyəti isə ondan ibarətdir ki, özümüzü tanıda bilirik. İnsanlar xidmətlərimizlə tanış olur və birbaşa bizimlə ünsiyyət qururlar.

İordaniyanın İstiqlal xəstəxanasının əməkdaşı Suha Kandeli:
- Bu bizim üçün çox maraqlı və əhatəli bir tədbir oldu. Hazırda bütün dünyada sağlıq turizmi çox əhəmiyyətli bir fəaliyyət sahəsinə çevrilib. Bizim də İstiqlal xəstəxanamız məhz bu istiqamətdə fəaliyyət göstərir, sağlıq turizmi şirkətləri ilə geniş əməkdaşlıq edirik. “Qlobal sağlamlıq turizmi zirvəsi və sərgisi”nin təşkilatçılarına öz minnətdarlığımı bildirirəm.

M.Sultanova
Ankara








Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar