Oktyabrın 28-də Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə Azərbaycan Turizm və Menecment Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbində “Karyerada ilk addım” devizi altında məşğulluq yarmarkası keçirildi.
Yarmarkanın təşkil olunması gənclərin, o cümlədən ali təhsil müəssisələrinin yuxarı kurs tələbələri və məzunlarının əmək bazarına inteqrasiyasının dəstəklənməsi və səmərəli məşğulluğunun təmin olunması məqsədi daşıyır.
Tədbirlə bağlı jurnalistlərə açıqlama verən mədəniyyət və turizm nazirinin müavini Nazim Səmədov belə yarmarkaların təşkil olunmasının əmək fəaliyyətinə başlamaq ərəfəsində olan gənclər üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğuladı. Nazir müavini vakant iş yerləri təqdim edən şirkətlərin əsasən turizm sənayesi və ona yaxın sahələrdən olmasının önəminə diqqət çəkdi: “Mədəniyyət və Turizm Nazirliyi turizm sənayesinin ixtisaslı kadrlarla təmin olunması üçün müntəzəm işlər həyata keçirir. Azərbaycan Turizm və Menecment Universiteti və onun nəzdində fəaliyyət göstərən Bakı Turizm Peşə Məktəbi, eyni zamanda Mingəçevir Turizm Kolleci bu sahə üçün kadrlar hazırlayır. Ölkəmizdə turizm təhsili verən bu üç təhsil ocağının indiyədək 3500-dən çox məzunu olub. Bundan başqa, digər təhsil müəssisələrində də bu sektor üçün kadr hazırlığı həyata keçirilir”.
Nazim Səmədov onu da vurğuladı ki, Bakıda və regionlarda turizm müəssisələrinin işçiləri üçün mütəmadi olaraq kurslar, treninqlər təşkil olunur. Ölkəmizdə yeni yaradılacaq turizm zonalarında da turizm peşə məktəblərinin yaradılması nəzərdə tutulur.
Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində “Karyerada ilk addım” yarmarkasının artıq bir neçə dəfə təşkil olunduğunu bildirdi. Qeyd olundu ki, bu yarmarka il ərzində dövlət məşğulluq xidməti orqanlarının təşkil etdiyi 9-cu belə tədbirdir. Yarmarkada 89 müəssisə iştirak edir. Onlardan 3-ü dövlət, 86-sı özəl müəssisədir. 280-dən çox vakant yer təqdim olunur. Vakant yerlər əsasən turizmlə bağlı xidmət sektorunu əhatə edir. Eyni zamanda qulluqçu peşələri üzrə də vakansiyalar təqdim olunur. Təklif olunan vakant yerlərin maaşları 200-250 manatdan 1000-1200 manata qədərdir və əsasən menecer, xidmət sahələri, qeyd-qəbul, ofisiant, bələdçi, turizmlə bağlı müxtəlif peşələri əhatə edir.
Vurğulandı ki, gələn il belə yarmarkaların ölkəmizin turizm potensiallı regionlarında da təşkili planlaşdırılır.
Qeyd edək ki, tələbə və məzunlar işəgötürənlərlə ünsiyyət imkanı əldə edərək, mövcud əmək bazarında onların yiyələndikləri ixtisaslara olan tələbat barədə məlumat əldə edir, işləmək istədikləri müəssisələrin nümayəndələrinə özləri haqqında bilgi təqdim edirdilər. Tədbirdə vakant iş yerlərinə göndərişlər verilməklə bərabər, ixtisasartırma kurslarına və ya asudə vaxt ərzində əmək birjası vasitəsilə müvəqqəti xarakterli işlərdə çalışmaq istəyənlər də qeydiyyata alınırdı.
Yarmarkada paytaxtın Səbail, Qaradağ, Xəzər, Nərimanov, Yasamal, Binəqədi və Sabunçu rayonlarının məşğulluq mərkəzləri, muzeylər, tədris mərkəzləri, turizm şirkətləri və bir sıra özəl qurumlar, eləcə də bölgələrdə fəaliyyət göstərən bəzi turizm obyektləri iştirak edirdi. Onların əməkdaşlarının bir neçəsi ilə söhbətləşdik.
“E&C travel” şirkətinin əməkdaşı Azər Şükürov əmək yarmarkasında marketinq üzrə mütəxəssislər üçün vakant vəzifələrin olduğunu bildirdi: “Bizdə olan vakansiyalar üçün xarici turistlərlə işləmək bacarığına malik, xarici dilləri bilən şəxslər tələb olunur. Eyni zamanda daxili turoperatorlara da ehtiyac var. İş təcrübəsi başlıca şərt deyil. Müştərilərlə əməkdaşlıq, turistlərin cəlb olunması, turların təşkilində yaxından iştirak, sosial şəbəkələrdə fəal iştirak edən şəxslərə üstünlük veriləcək”.
SOCAR-ın İnsan Resursları Departamentinin əməkdaşı Nicat Əliyev təqdim etdikləri vakant yerlər haqqında məlumat verdi: “Yarmarkada 13 vakant iş yeri təklif olunur. Şirkətdə yaranan vakansiyalar üzrə vəzifələr hər həftə yenilənir. İş axtaran şəxslər saytımız vasitəsilə də öz CV-lərini göndərə bilərlər. Vakansiyalar əsasən texniki və iqtisadiyyat üzrə olur. Eyni zamanda fəhlə işləri üçün də müraciətlər qəbul olunur”.
Ali təhsilini marketinq ixtisası üzrə alan Şahin Məmmədov da əmək yarmarkasında iştirak edən gənclərdən biridir. Deyir ki, indiyə kimi müraciət etdiyi yerlərin əksəriyyətində təcrübəli və xarici dil bilikləri yüksək səviyyədə olan işçilər tələb edirlər: “Burada 4-5 şirkətə CV verdim. İnanıram ki, işlə təmin olunacağam”.
Ali məktəbi jurnalistika ixtisası üzrə bitirən Günay Əliyeva yarmarkada peşəsinə uyğun iş axtarır: “Bir neçə işlə maraqlanmışam. Amma öz ixtisasım üzrə işləmək istəyirəm. Hələ ixtisasıma uyğun vakant yer tapa bilməmişəm”.
Fariz