“Əl-Fəcr” qəzetində ölkəmizin turizm potensialı haqqında məqalə dərc olunub
Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) “Əl-Fəcr” qəzetinin baş redaktoru Şərif Əl-Bəsilin ölkəmizə səfəri ilə bağlı hazırladığı növbəti yazı oktyabrın 31-də “Azərbaycan Qafqazın mirvarisi. Ərəb turistlərin turizm qibləsi” başlığı altında qəzetin çap və elektron variantlarında dərc olunub.
Qəzetin bir səhifəsini əhatə edən məqalədə müəllif Azərbaycanın dünyanın və xüsusən də yerləşdiyi regionun ən gözəl ölkələrindən biri olduğunu diqqətə çatdırır. Qədim tarixin nəhəng xəzinəsi və təbii gözəllikləri ilə zəngin olan ölkəmizin turistləri cəlb etmək üçün hər cür imkanlara malik olduğu vurğulanır.
Yazıda ölkəmizə gələn qonaqların Heydər Əliyev Beynəlxalq Aeroportuna düşdükləri ilk andan gülərüzlülük, sərhəd-keçid məntəqələrində isə rahat prosedurla qarşılaşdıqları bildirilir.
Azərbaycanın Qafqaz regionunun ən əmin-aman ölkəsi olduğunu vurğulayan müəllif Körfəz ölkəsindən olan turistin 2 saat müddətində AZAL və “Fly Dubai” aviaşirkətləri vasitəsilə Bakıya çata biləcəyini yazır. Məqalədə 2017-ci ilin martında Şarca Əmirliyinə məxsus “Air Arabia” şirkətinin Şarca-Bakı marşrutu üzrə ilk uçuşa başlayacağı, eləcə də Qəbələ və Naxçıvan ilə birbaşa hava əlaqələrinin yaradılması istiqamətində səylərin göstərildiyi bildirilir.
Baş redaktor yazıda paytaxt Bakının gözəlliklərindən, o cümlədən “Alov qüllələri” kompleksindəki “Fairmont Baku” hotelinin və digər müasir mehmanxanaların, Heydər Əliyev Mərkəzinin möhtəşəmliyindən bəhs edir. Həmçinin İçərişəhər, Şəhidlər xiyabanı, “Atəşgah məbədi”, “Yanardağ” və digər tarix və mədəniyyət məkanları, habelə 13 kilometrlik məsafəyə uzanan bulvar barədə ətraflı məlumat verilir.
Dövlətimizin bugünkü inkişafının ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olduğu diqqətə çatdırılır. Vurğulanır ki, bu siyasi kurs Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Məqalə müəllifi ziyarət etdiyi Quba və Qəbələnin ecazkar təbiətindən və turizm imkanlarından da ətraflı bəhs edib. O, Qəbələnin təkrarolunmaz təbiətini və bu mənzərənin dağların, təpələrin, düzənliklərin, meşələrin və yaşıl ərazilərin sintezindən ibarət olduğunu qeyd edir, burada Qafqazda ən böyük dağ xizəyi kurortlarından birinin fəaliyyət göstərdiyini, turistlərin kanat yolu ilə dağlara çıxmaq və yüksəklikdən möhtəşəm mənzərəni seyr etmək imkanı əldə etdiyini bildirir. “Qəbələnd” parkının Azərbaycanda ən böyük əyləncə mərkəzlərindən biri olduğu diqqətə çatdırılır.
Quba rayonunun təbii mənzərəsindən söhbət açan müəllif yüksəklikdən axan şəlalələrdən, eləcə də çaylardan və müalicəvi xüsusiyyətlərə malik bulaqlardan bəhs edir. Zəngin turistik infrastrukturuna görə Qubanın da ərəb turistləri özünə cəlb etdiyi vurğulanır.
Məqalədə Azərbaycan xalqının adət-ənənələrindən, musiqisindən, ölkəmizdə keçirilən festivallardan da söhbət açılır.