Azərbaycanda kənd yaşıl turizmi böyük potensiala malikdir

Turizm dünyanın əksər ölkələrinin iqtisadiyyatında getdikcə daha böyük əhəmiyyət kəsb edir. Müxtəlif ölkələr bu sahədə mövcud imkanlardan maksimum yararlanmağa çalışırlar. Kənd yaşıl turizmi də səyahət həvəskarları arasında populyarlıq qazanmaqdadır. Təbii-coğrafi potensial və tarixi-mədəni obyektlərlə yanaşı, kənd yaşayış məntəqələrinin imkanlarından istifadə edilməsi əsasında bu turizm növü geniş yayılır. Bu sahə kəndlərin və kənd təsərrüfatının inkişafına, sosial-mədəni xidmət sahələrinin yaradılmasına, əhalinin məşğulluğunun təmin edilməsinə və gəlirlərinin artmasına da müsbət təsir göstərir.

“Şəhərdə yaşayan insana kənd həyatı maraqlı gəlir”

Bu turizm növünün ölkəmizdə mövcud potensialı və sahənin inkişaf yolları haqqında suallarımızı “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyinin sədri Qəhrəman Yusupov cavablandırdı.
Həmsöhbətim bildirir ki, 2014-cü ildə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə yaradılan qurum ölkəmizdə bu turizm növünün inkişaf etdirilməsi üçün müxtəlif maarifləndirici tədbirlər həyata keçirir: “Böyük şəhərlərdən gələn insanlarda adi kənd evində yaşayıb istirahət etmək arzusu olur. Buna “kənd turizmi”, “aqro turizm” də deyilir. Adından da bəlli olduğu kimi, yerləşmə obyekti - kənd evidir. Kənd evi qısa müddət ərzində buraya qonaq gəlmiş turistə qidalanma, yerləşmə, lazım gəldikdə ekskursiya və digər xidmətlər təqdim edən kiçik mehmanxana müəssisəsinə çevrilir”.
Müsahibim deyir ki, kənd yaşıl turizmi XX əsrin 70-ci illərindən başlayaraq dünyanın müxtəlif ölkələrində, xüsusi ilə də Avropa ölkələrində inkişaf edib: “Azərbaycanda da bu turizm növünün çox böyük potensialı mövcuddur. Əsrarəngiz təbiətə, zəngin tarixi abidələrə, adət-ənənələrə, mədəniyyətə və mətbəxə malik kəndlərimiz var. Hacıkənd və Lahıc qəsəbələri, Kiş, İlisu, Xınalıq ölkəmizdə kənd yaşıl turizminin daha da inkişaf etdirilməsi üçün böyük imkanlara malik yaşayış məntəqələridir. Demək olar ki, ölkəmizin bütün kəndlərində bu turizm növünü inkişaf etdirmək olar. Hazırda Quba, Qusar, Şəki, Qax, Zaqatala, Xaçmaz, Lənkəran, Astara, Masallı, Lerik, Göygöl və digər rayonlarımızın kəndlərində kənd yaşıl turizmi müəyyən dərəcədə fəaliyyət göstərir”.
Uzun müddət şəhərlərdə yaşayan insanlara kənd həyatı maraqlı gəlir. Belə insanların bir qismi hotellərdə qapalı şəkildə qalmaq istəmirlər, onlar kənd evlərini seçib sakinlərlə münasibət qurmaq, yerli məişət və adət-ənənələrlə tanış olmaq istəyirlər.
Həmsöhbətim bildirir ki, kənd turizmi inkişaf etmiş ölkələrdə turistlər kənd təsərrüfatı işlərində də yaxından iştirak edir. Onlar əkin-biçin, meyvələrin yığılması, ev heyvanlarının yemlənməsinə də maraq göstərirlər.
Turistlər müvəqqəti də olsa, kənd həyatında yaşamaqla yanaşı, müvafiq səviyyədə xidmət də görmək istəyirlər. Ancaq müşahidələr göstərir ki, bizim kənd evlərində əksər hallarda bu cür şərait olmur. Doğrudur, turistlərin istəyinə uyğun şəraitin yaradılması, onlara müvafiq xidmətin göstərilməsi müəyyən maddi xərclər tələb edir. Lakin bu xərclər artıqlaması ilə ev sahibinə qayıda bilər. Kənd evinin sahibi turistlərə hər cür rahatlığı olan ev və yemək təqdim etməklə bərabər, onlara bələdçilik, tərcüməçilik, nəqliyyat xidməti göstərmək, ev heyvanları və quşları bəsləmək üçün qısamüddətli imkan yaratmaqla əlavə xidmət haqqı əldə edə bilər.

Maarifləndirmə işləri və təlimlərin keçirilməsi vacibdir

Kənd məskunlaşmasının üstün olduğu regionlarda ətraf mühit insanlar tərəfindən nisbətən az dəyişdirilmiş olur. Ona görə bu ərazilərin təbii, iqtisadi, sosial-mədəni potensialından turistlərin istirahətinin təşkili üçün istifadə edilməsi imkanları böyükdür.
Q.Yusupov bu ərazilərdən turizm sənayesinin inkişafında istifadə olunması imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayır: “Hazırda bir çox ölkələrdə yaradılmış xidmət sahələri və əlverişli təbii şərait kənd yerlərinə getdikcə daha çox turist cəlb edir. Kənd turizminin inkişafı kəndlərin sosial-iqtisadi inkişafında, əhalinin iş yerləri ilə təminatında, ərazilərin təbii-iqtisadi potensialından səmərəli istifadə edilməsində əhəmiyyətli rol oynaya bilər. Kənd turizminin inkişaf etdirilməsi regionların təbii-coğrafi, sosial-iqtisadi potensialından, mədəni-tarixi abidələrindən istifadə edilməsi ilə yanaşı, turizm sənayesində kəndlərin rolunun yüksəldilməsinə xidmət edər. Yerli və xarici turistlərin regionlara cəlb edilməsi, təbii ki, bu sahədən əldə edilən gəlirlərin artmasına səbəb olar”.
Ekspertin fikrincə, kənd turizminin inkişafında istənilən nəticəni əldə etmək üçün yerli sakinlərin maarifləndirilməsi önəmlidir. Bu baxımdan Avropa təcrübəsindən yararlanmaq olar: “Kənd turizminin inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, xidmət müxtəlifliyinin təmin edilməsi, təcrübə mübadiləsi məqsədilə inkişaf etmiş ölkələrdə konfranslar, seminarlar keçirilir. Bu təcrübədən yararlanaraq ev sahiblərinə turistlərin qəbulu, onlara düzgün xidmət göstərilməsi, əlavə xidmətlərin təklif edilməsi, turistlərin rahatlığının təmin olunması yollarını göstərmək məqsədilə maarifləndirmə işləri və təlimlərin keçirilməsi vacibdir”.
Sonda məlumat üçün bildirək ki, “Kənd Yaşıl Turizminin İnkişafına Dəstək” İctimai Birliyinin internet saytından (www.ruraltourism.az) ölkəmizdə mövcud qonaq qəbul edən kənd evləri, qiymətlər və xidmətlər haqqında məlumat əldə etmək mümkündür.

Fariz Hüseynov







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar