Martın 31-də Cəlil Məmmədquluzadənin ev-muzeyində 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş «C.Məmmədquluzadə və M.S.Ordubadi erməni xəyanəti haqqında» mövzusunda tədbir keçirildi.
M.S.Ordubadinin xatirə muzeyi ilə birgə hazırlanmış tədbiri giriş sözü ilə açan muzeyin direktoru Pərixanım Mahmudova qeyd etdi ki, C.Məmmədquluzadə hələ ötən əsrin əvvəllərində öz məqalələrində Azərbaycan xalqının başına ermənilər tərəfindən gətirilən müsibətləri qələmə almışdı. 1903-cü ildə «Kaspi» qəzetində çap olunmuş «İrəvandan məktublar» məqaləsi buna əyani bir sübutdur. O, həmin məqaləsində qeyd edirdi ki, İrəvan quberniyasının «Dələmə» deyilən bir ərazisində, çox yararsız bir yer olan həmin məkanda kasıb vəziyyətdə yaşayan azərbaycanlılar uzun illər əziyyət çəkərək, əllərinin qabarı hesabına 60-a yaxın bağ salmışlar. Onlar bu bağı salmaqda elə düşünürdülər ki, bunların yaratdığı bu bağlar öz övladlarına miras qalacaq. Lakin erməni millətçiləri bu bağları əsl sahiblərindən almaq üçün çirkin bir siyasətə əl atırlar. Bələdiyyə bu torpaqlara elə vergi tətbiq etdi ki, zəhmətkeş insanlar həmin vergiləri ödəyə bilmədilər və öz əlləri ilə saldığı bağlardan əl çəkməli oldular.Ədib bu hadisəni ürək yanğısı ilə qələmə almışdı.
Bundan başqa o, ədibin məşhur «Poçt qutusu» hekayəsindən bir epizodu xatırlatdı. Sadə bir kəndli olan Novruzəli Vəli xana şikayət edərək deyir ki, «Ağa bizim kəndin camaatı çox kasıb yaşayır, güzəranı çox pisdir. Katda da bizi çox incidir». Əslinə qalsa, o, bizim millətdən deyil. Bizi görməyə gözü yoxdur. Bu epizod ədibin ermənilərin bəd əməllərinə sətiraltı bir işarəsi idi.
Sözünə davam edən muzeyin direktoru dedi ki, sonrakı illərdə də ədibin yaradıcılığında ermənilərin insanlığa yaraşmayan hərəkətləri barədə fikirlərə rast gəlmək olur. Bu onu göstərir ki, C.Məmmədquluzadə ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım siyasətinə biganə qalmamışdır.
Çıxışçı, Azərbaycan Prezidenti yanında Dövlətçilik Akademiyasının dosenti, tarix elmləri namizədi Firdovsiyyə Əhmədova qeyd etdi ki, 1918-ci ildə azərbaycanlılara qarşı soyqırım çox geniş coğrafi ərazidə törədildi. Cənubi Azərbaycanda, Anadoluda, Gəncədə, İrəvanda, Qubada və başqa yerlərdə qısa bir zaman kəsiyində minlərlə azərbaycanlılar kütləvi şəkildə məhv edildi. 31 mart hadisələri miqyasına, coğrafiyasına, insanların qətlə yetirilməsinə, istifadə olunan işgəncə metodlarına görə bəşəriyyəti heyrətə gətirən bir faciə kimi qiymətləndirmək olar. Bunlar hamısı ermənilərin düşünülmüş bir siyasəti idi. Məqsəd bu ərazilərdə azərbaycanlıları məhv etmək və yerində «Böyük Ermənistan» dövləti yaratmaq idi.
Heç şübhəsiz, Azərbaycan xalqı 31 mart hadisələrini unuda bilməz. Həm o dövrlərdə, həm də indiki vaxtda həmin faciələr xatırlanmalıdır.
Bu baxımdan həmin dövrdə törədilmiş qırğınların bədii ədəbiyyatda təcəssüm tapması və sonradan onlara Xalq Cümhuriyyəti dövründə qiymət verilməsi istər hüquqi, istərsə də mənəvi cəhətdən bizə qalmış ən böyük mirasdır. O dövrdə bu sahədə ən böyük işlər görən bizim böyük ədibimiz M.S.Ordubadi olmuşdur. O, «Qanlı sənələr» əsərində 300-ə qədər kənddə ermənilərin törətdiyi vəhşiliklərin mənzərəsini çox geniş şəkildə işıqlandırmışdır».
Tədbirdə M.S.Ordubadi adına xatirə muzeyinin elmi işçisi İradə Vəliyeva, 150 saylı orta məktəbin direktoru, əməkdar müəllim Məlahət Abbasova çıxış edərək 31 Mart - Azərbaycanlıların Soyqırım Günü ilə əlaqədar öz fikirlərini söylədilər.
150 saylı orta məktəbin şagirdi Sərdar Hüseynov xalq şairi B.Vahabzadənin «Vətən marşı» şeirini söylədi.
Tədbirin sonunda Pərixanım Mahmudova tədbirdə iştirak edənlərə öz təşəkkürünü bildirdi və xalqımıza qarşı 1918-ci ilin mart ayında törədilmiş soyqırımın bir daha təkrar olunmamasını arzuladı.
Fərahim Şükürov