Həyat müvəqqəti, sənət isə əbədidir!
   (İ. Əfəndiyev)
   
   Yazıma Cabir Novruzun çox sevdiyim şeirindən bir misra ilə başlamaq istərdim: “Sağlığında qiymət verin insanlara!” İnsanın özünü, onun yaradıcılığını, sənətini çox yox, layiq olduğu qədərində qiymətləndirmək çoxmu çətindir? Vallah, hər hansı bir sənətkar üçün sağlığında deyilən balaca bir xoş söz, ölümündən sonra qoyulan heykəllərdən daha dəyərlidir. Həqiqətən də insana vaxtında qiymət vermək nə gözəlmiş... Buna bir daha ötən gün iştirak etdiyim tədbirdə əmin oldum.
   
   Bugünlərdə Kinematoqrafçılar İttifaqının iclas zalında Azərbaycan Dövlət mükafatı laureatı, Azərbaycan Opera və Balet Teatrının solisti, bir çox mükafat və diplomların, o cümlədən “Qran pri” qızıl medalı və “Şöhrət” ordeninin sahibi, Azərbaycanın xalq artisti Xuraman Qasımovanın doğum günü münasibətilə gözəl bir tədbir təşkil olundu. Tədbiri açıq elan edən Rafiq Haşımov təbrik nitqindən sonra ilk sözü kinoşünas Aydın Kazımzadəyə verdi. Aydın müəllim hər iki bacını ürəkdən təbrik edib Xuraman xanımın kino sahəsindəki yaradıcılığından bəhs etdi: “Xuraman Qasımova “Liftçi qız” (1966) filmində ifa etdiyi Lalə roluna çəkiləndə cəmi- cümü 15 yaşında idi. Amma yeri gəlsə, bir çox aktyorlardan qat- qat peşəkarcasına oynayırdı. Sonra o, “Mən ki, gözəl deyildim” (1968) filmində Səidə rolunda göründü. Bu ifadan sonra Rüfət Şabanov demişdi: “Xuraman xanım dünya səhnəsinə çıxmağa layiq aktrisadır”. Səidə rolu Xuramana ən yaxşı qadın aktrisa adını və diplomunı hədiyyə etdi. Daha sonra isə o, “Həyat bizi sınayır” (1972) filmindəki Hicran kimi tanınmağa başladı. O, bu obrazların hər birini oynamadı, yaşadı!”
   Tədbirdə aktrisanın çəkildiyi filmlərdən fraqmentlər də nümayiş olundu. Gözəl sənətkarımızın həmkarı, Azərbaycanın xalq artisti Tariel Qasımov öz çıxışında birgə çəkilişləri zamanı baş verən maraqlı hadisələrdən danışdı. Opera sənəti üzrə dünyaşöhrətli xanımın kino sahəsi üzrə də məşhur ola bilməsi üçün böyük imkanlarının olmasına baxmayaraq, bunu istəməməsindən gileyləndi. Əməkdar incəsənət xadimi, Dövlət Film Fondunun direktoru Cəmil Quliyev də məhz bu gecənin təşkilində fondun böyük rolu olduğuna görə çox şad olduğunu bildirdi: “Ümumiyyətlə, 60-cı illər Azərbaycan kinematoqrafiyasının ən vacib və ən maraqlı illəridir. Lakin, düzü, bu illərin ən uğurlu məqamları məhz sizinlə bağlıdır, sizin əvəzolunmaz ifalarınızla. Biz sizin kinoekranlardakı çıxışlarınız, gözəl aktrisalığınız üçün həqiqətən çox darıxmışıq”.
   Xalq artisti Amalya Pənahova da öz ürək sözləri ilə çıxış edərək, Xuraman və Fidan Qasımovaları Azərbaycan incəsənətinin primadonnaları adlandırdı: “Sizi bir- birinizdən ayırmaq istəmirəm. Çünki siz həm həyatda, həm də sənətdə daim çiyin- çiyinə, əl- ələ görünmüsünüz. Hər ikinizi ürəkdən təbrik edir, həyat və yaradıcılığınızda sizə uğurlar diləyirəm!”.
   Sonra söz Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, görkəmli dramaturq Rüstəm İbrahimbəyova verildi. Təbrik və gözəl sözlərindən sonra Rüstəm bəy Xuraman xanımın daha kinoda çəkilmədiyinə görə Azərbaycan kinematoqrafiyasının çox şey itirdiyindən şikayətləndi. Bütün bu xoş sözlər, tərif- təbriklərdən sonra səbəbkar mikrofon arxasına keçdi. Sevinc göz yaşları içində özünü xoşbəxt hesab etməsindən danışdı: “Əgər məndən nə vaxtsa “özünüzü xoşbəxt insan hesab edirsinizmi?”- deyə soruşsaydılar, düşünmədən “hə!”- deyə cavab verərdim. Mən Azərbaycanda, həm də gözəl bir ailədə doğulduğuma, gözəl nəslin və familiyanın daşıyıcısı olduğuma, ümumiyyətlə, hər bir şeyə görə öz taleyimə minnətdaram. Əvvəllər küçədə məni kimsə görüb “cüllüt” adlandıranda, bir qədər əsəbiləşirdim. İndi isə bunun nə demək olduğunu daha yaxşı anlayıram. “Oynadığım obrazlarla insanların yaddaşında qalmağım nə gözəl şeymiş”- deyə düşünürəm. Düzdür, son zamanlar kino incəsənətindən bir qədər uzaq düşmüşəm. Amma bu gün mən hər şeyi yenidən yaşadım. Mənə bu xoşbəxtliyi yaşatdığınıza görə sizə minnətdaram”.
   Sonda “Mən ki, gözəl deyildim” filmindən ən maraqlı, yəni Xuraman xanımın olduğu kadrlar zaldakı tamaşaçıların ixtiyarına verildi.
   
   Könül NƏCƏFOVA