Ötən həftə Azərbaycan daha bir mədəni tədbirə ev sahibliyi etdi. Oktyabrın 16-17-si tarixlərində “Qafqaz Point” hotelində “Bakı İslam Mədəniyyətinin Paytaxtı-2009» çərçivəsində TÜRKSOY Daimi Şurasının 26-cı toplantısı keçirildi.
   
   Əvvəlcə tədbirdə iştirak etmək üçün Bakıya gələn TÜRKSOY-un baş direktoru Düsen Kaseinov, Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva və digər iştirakçılarla birlikdə Heydər Əliyevin abidəsinin qarşısına əklil qoydu. Daha sonra toplantı iştirakçıları Şəhidlər Xiyabanını ziyarət etdilər.
   Açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyevin təbrik məktubu oxundu.
   Tədbirdə türkdilli ölkələrin mədəniyyət nazirlərinin Daimi Şurasının müvəqqəti koordinatoru, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, TÜRKSOY-un baş direktoru Düsen Kaseinov və təşkilata üzv dövlətlərin mədəniyyət nazirləri iştirak edirdi.
   Toplantını giriş nitqi ilə açan TÜRKSOY Daimi Şurasının müvəqqəti koordinatoru Əbülfəs Qarayev Bakıda keçirilən toplantıya təşrif buyuranlara təşəkkürünü bildirdi: “TÜRKSOY Daimi Şurasının növbəti XXVI toplantısı Bakı şəhərində keçirilir. Beynəlxalq təşkilat olan TÜRKSOY Avrasiyanın türkdilli arealı çərçivəsində milli dil, tarix, mənəvi irs və müasir mədəniyyət və incəsənət yaxınlığı ilə birləşən ölkə və xalqların regional mədəni əməkdaşlığını həyata keçirir. Qurumun əsası 1992-ci ilin yazında İstanbul şəhərində türkdilli dövlətlərin mədəniyyət nazirlərinin birinci görüşündə qoyulub. Təşkilatın strukturu, idarəetmə orqanlarının və fəaliyyət mexanizmlərinin formalaşmasında 1992-ci ilin dekabrında Bakıda keçirilmiş ikinci toplantısının böyük əhəmiyyəti oldu. İki gün keçiriləcək tədbirdə təşkilatın fəaliyyəti, maliyyə durumu, hüquqi sənədlərə düzəlişlər və əlavələr, eləcə də TÜRKSOY-un 2010-cu il üçün fəaliyyət Proqramının müzakirəsi və təsdiqi kimi məsələlər müzakirə olunacaq”.
   Nazir bu görüşün TÜRKSOY Daimi Şurasının sayca Bakıda keçirilən 5-ci toplantısı olduğunu vurğuladı: “TÜRKSOY-un yaradılması və fəaliyyət prinsipləri haqqında müqavilə 12 iyul 1993-cü ildə Almatı şəhərində (Qazaxıstan) altı təsisçi dövlət və təşkilatın daimi üzvləri - Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Türkiyə və Özbəkistan tərəfindən imzalanıb. Daha sonra TÜRKSOY haqqında müqaviləyə müşahidəçi dövlət qismində Tatarıstan, Başqırdıstan, Şimali Kipr Türk Respublikası, Rusiya Federasiyası tərkibində olan Tuva Respublikası, Xakasiya Respublikası, Altay Respublikası və Saxa-Yakutiya Respublikası və Moldova Respublikası tərkibindəki Qaqauz Yeri qoşulub”.
   
   Novruz bayramı
   Avropada
   qeyd ediləcək
   
   Toplantı zamanı Düsen Kaseinov maraqlı fikirlə çıxış etdi: “30 sentyabr 2009-cu ildə Novruz bayramı YUNESKO-nun Qeyri-Maddi İrs siyahısına daxil edilib. Bununla əlaqədar 2010-cu ildə TÜRKSOY Novruz bayramını Parisdə, YUNESKO-nun qərargahında qeyd etməyi planlaşdırır.
   Tədbirdə vurğulandı ki, Bakıda keçirilən İslam Konfransı Təşkilatına üzv dövlətlərin Mədəniyyət Nazirlərinin VI Konfransı çərçivəsində İSESKO ilə TÜRKSOY arasında əlaqələrin qurulması və genişləndirilməsi məsələləri müzakirə edildi.
   Əbülfəs Qarayev qeyd etdi ki, qarşıdakı illərdə TÜRKSOY-un fəaliyyəti daha da genişləndiriləcək və “Şərq-Qərb” Bakı beynəlxalq kinofestivalı çərçivəsində türkdilli ölkələrdə çəkilmiş filimlər də nümayiş etdiriləcək.
   Sonra Düsen Kaseinov qurumun türk xalqlarının daha da yaxınlaşması istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verdi.
   Tədbirdə vurğulandı ki, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin “Koroğlu” operası artıq 5 ölkədə böyük uğurla nümayiş etdirilib. 6 ölkədən 250 incəsənət ustasının iştirakı və TÜRKSOY-un dəstəyi ilə həyata keçirilən bu mədəniyyət layihəsi müştərək türk mədəni irsinin təbliği, gələcək nəsillərə çatdırılması baxımından olduqca əhəmiyyətlidir. Türk dünyasının ən böyük operalarından olan “Koroğlu”nun türk xalqlarının teatr səhnəsində oynanılması bu xalqların mədəni həyatında böyük hadisədir. Azərbaycan Prezidenti İlham Əliyevin TÜRKSOY-un fəaliyyətinin genişlənməsi istiqamətində göstərdiyi təşəbbüsləri yüksək qiymətləndirən baş direktor vurğuladı ki, yaxın vaxtlarda qurumun akademiyası yaradılacaq.
   Açılış mərasimində çıxış edən Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Kamal Fair Gənc, Qazaxıstanın mədəniyyət və informasiya naziri Janna Kurmanqaliyeva , Qırğızıstan, Tatarıstan, Başqırdıstan, Qaqauz Yeri və digər ölkələrdən gəlmiş nümayəndələr toplantının işinə uğurlar arzuladılar.
   Sonra toplantı işci qrupunun iclası ilə davam etdirildi.
   
   “Rəssamların
   görüşməsi”
   
   Elə həmin gün Muzey Mərkəzinin sərgi qalereyasında TÜRKSOY-un təşkilatçılığı ilə türkdilli ölkələrin rəssam və fotoqraflarının sərgisi açıldı.
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev mərasimi açaraq bildirdi ki, paytaxtımızda “Bakı İslam mədəniyyətinin paytaxtı - 2009” mədəniyyət ili çərçivəsində növbəti mühüm tədbir keçirilir. Türkdilli ölkələrin mənəvi yaxınlaşmasına xidmət edən belə sərginin təşkili bu dəfə paytaxtımıza nəsib oldu.
   Azərbaycan artıq 15 ildən artıqdır ki, TÜRKSOY-un üzvüdür. Bu yaxınlarda Prezident İlham Əliyevin türkdilli ölkə rəhbərlərinin Naxçıvan şəhərində keçirilən zirvə görüşündə türk xalqlarının mədəniyyət sahəsində əməkdaşlığın, dostluğun, qardaşlığın inkişafında TÜRKSOY-un xidmətlərini yüksək qiymətləndirib.
   “Rəssamların görüşməsi” adlanan bu sərgidə TÜRKSOY–a üzv olan ölkələrdən 16 rəssamın 32 əsəri, həmçinin foto ustalarının 67 işi nümayiş etdirilirdi.
   Rəsm sərgisində qalib gəlmiş Qazaxıstan təmsilçisi mükafatlandırıldı, Kazan şəhərində keçirilən VIII Açıq Kazan Fotomüsabiqəsində “Harmoniya” işinə görə, “Mənzərə” nominasiyasında 3-ü yerə layiq görülmüş həmyerlimiz Əqdəs Bağırzadəyə diplom təqdim olundu.
   
   Bakı Bəyannaməsi
   
   TÜRKSOY daimi şurasının 26-cı toplantısına oktyabrın 17-də yekun vuruldu.
   TÜRKSOY Daimi Şurasının müvəqqəti əlaqələndiricisi, Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirdi ki, bu gündən etibarən qurumun fəaliyyət dairəsi genişlənəcək və təşkilat beynəlxalq status daşıyacaq. Bu səbəbdən də qurum Türk Mədəniyyəti Beynəlxalq Təşkilatı adlanacaq. Beynəlxalq qanun və nizamnamələrə uyğun fəaliyyət göstərəcək təşkilatın baş direktoru isə baş katib statusunu yerinə yetirəcək. Bundan başqa təşkilatın beynəlxalq qurumlar tərəfindən tanınması və əlaqələrinin genişləndirilməsi üçün ardıcıl addımlar atılacaq.
   Nazir vurğuladı ki, bu dəyişikliklər Naxçıvan şəhərində keçirilən türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü zamanı nəzərdə tutulmuş məsələlərin bir növ davamıdır.
   Bildirildi ki, iki gün davam edən toplantıda ötən müddət ərzində təşkilatın fəaliyyəti təhlil edilib, TÜRKSOY-un hüquqi sənədlərinə düzəlişlər və əlavələr olunub, eləcə də qurumun 2010-cu il üçün fəaliyyət proqramının müzakirəsi aparılıb.
   Toplantıda türk mədəni irsinin qorunması və inkişaf etdirilməsi ilə bağlı birgə tədbirlərin həyata keçirilməsi, türkdilli xalqların tarixi-mədəni əlaqələrinin gücləndirilməsi, ikitərəfli və çoxtərəfli əməkdaşlığın genişləndirilməsinin vacibliyi və digər bu kimi məsələlər müzakirə edilib.
   TÜRKSOY-un baş direktoru Düsen Kaseinov qurumun türk xalqlarının daha da yaxınlaşması istiqamətində həyata keçirdiyi tədbirlər barədə ətraflı məlumat verdi və Bakıda yekunlaşan toplantının əhəmiyyətindən danışdı.
   Qurumun növbəti toplantısı 2010-cu il mayın 6-8-də Moldovanın tərkibinə daxil olan Qaqauz Yeri Muxtar Respublikasında təşkil ediləcək. TÜRKSOY Daimi Şurasının müvəqqəti əlaqələndiricisi vəzifəsini isə muxtar bölgənin mədəniyyət naziri Dmitri Kambur daşıyacaq.
   Sonra TÜRKSOY Daimi Şurasının 26-cı toplantısının yekun sənədi - Bakı Bəyannaməsi imzalandı.
   Sənəddə Azərbaycanın təklifi nəzərə alınaraq, TÜRKSOY–un təşkilatçılığı ilə “Ümumtürk mədəniyyətinin inkişafı strategiyası”nın hazırlanması, dünya sivilizasiyasının inkişafına əhəmiyyətli töhfə vermiş zəngin türk mədəni irsinin qorunması və dəstəklənməsi üzrə TÜRKSOY Fondunun yaradılması, qurumun Avropa Şurası, İSESKO və bir sıra digər beynəlxalq təşkilatlarla əməkdaşlıq qurması öz əksini tapdı. Sənəddə, həmçinin Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonlarda türk mədəni irsinin məhv edilməsinin pislənilməsi ilə bağlı məsələlər də yer alıb. Bəyannamədə TÜRKSOY-un Avropa Şurasının “Sənətçilər dialoq naminə” layihəsində iştirak etməkdə maraqlı olduğu da qeyd edildi.
   
   Mehparə







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar