Qaradağlı faciəsinə həsr olunmuş film
   
   Fevralın 17-də “Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin qərargahında Qaradağlı faciəsinin 19-cu ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Mərasimdə Prezident Administrasiyasının, Nazirlər Kabinetinin nümayəndələri, Milli Məclisin deputatları, işğal olunmuş rayonların icra hakimiyyətlərinin rəhbərləri, xarici qonaqlar iştirak ediblər. 
      
   Tədbirdə çıxış edən Xocavənd rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Hüseynov Qaradağlı faciəsi barədə danışaraq qeyd edib ki, bu kənd 1992-ci il fevralın 17-də erməni silahlıları tərəfindən işğal edilib və yandırılıb: “Qaradağlı faciəsini ikinci Xocalı da adlandırırlar. Xocalı faciəsindən bir neçə gün əvvəl Qaradağlıda törədilən soyqırımda 104 kənd sakini və 15 nəfər xüsusi müdafiə dəstəsinin üzvləri əsir götürülmüş, onlardan 67 nəfəri erməni cinayətkarları tərəfindən qətlə yetirilmişdi. Öldürülənlərdən 10-u qadın, 8-i uşaq idi. İşğal nəticəsində kənddə 200 ev, 1 mədəniyyət evi, 320 yerlik orta məktəb binası, 25 çarpayılıq xəstəxana binası və digər obyektlər dağıdılmışdı. Kəndin 800 nəfərə yaxın sakini məcburi köçkün düşmüşdü. Dünya ictimaiyyəti Xocalı faciəsindən xəbərdardır. Ancaq bu günə qədər, nəinki xarici vətəndaşlar, hətta ölkəmizdə bir çoxları Qaradağlı faciəsindən məlumatsızdır”.
   Tədbirdə “Soyqırım. Qaradağlı” sənədli filmi nümayiş etdirilib. Azərbaycan, rus və ingilis dillərində lentə alınan filmin rejissoru Etibar Məmmədovdur.
   Tədbirdə çıxış edən Azərbaycan Respublikası baş prokurorunun müavini, hərbi prokuror Xanlar Vəliyev münaqişənin tarixinə ekskurs edərək deyib ki, tarix öyrənilib yadda saxlamaq üçündür, ondan ibrət götürülməlidir. Hərbi prokuror təbliğat işində faktların təhrif olunmamasının, doğru-düzgünlüyünün vacibliyini, fərqli rəqəmlər göstərilməsinin yolverilməzliyini vurğulayıb.
   Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov da faciələrimizin, erməni cinayətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində işləri canlandırmağın vacibliyini vurğulayıb: “Düşmənimiz çox hiyləgərdir. Ona qalib gəlmək üçün hər birimiz torpaqlarımızı azad etməyə hazır olmalıyıq, problem isə ümummilli problemə çevrilməlidir”.
   Natiq təklif edib ki, film BMT-də işlənən digər rəsmi dillərdə hazırlanıb yayılsın.