Əbülfəs Qarayev: «Bu tədbiri keçirməklə Azərbaycan dövləti dünyanı narahat edən məsələnin müzakirəsini üzərinə götürdü»
   
   Aprelin 8-də Bakıda keçirilən Dünya Mədəniyyətlərarası Dialoq Forumunun bağlanış mərasimi oldu. Mərasimdə Britaniya Şurasının mədəni əlaqələr üzrə “Counterpoint” elmi-araşdırma mərkəzinin direktoru Katrin Fieski Forumda müzakirə olunan məsələlərin qısa icmalını verdi, Azərbaycan rəhbərliyinə yüksək səviyyəli təşkilatçılığa görə təşəkkür etdi. 
   
   Xanım K.Fieski bildirdi ki, zəngin tarixə və mədəniyyətə malik olan Azərbaycanda belə bir möhtəşəm tədbirin keçirilməsi dünya miqyasında böyük hadisədir: «Azərbaycan prezidentinin forumda səsləndirdiyi ideyalar, təşəbbüslər uzun müddət bu tipli tədbirlərin müzakirə mövzusu olacaq».
   Onun sözlərinə görə, mədəniyyətlərarası dialoq dünyanı zənginləşdirir və imkanlar yaradır ki, daha modern, dinamik və faydalı inkişaf modeli yaransın: «Bir çox hallarda biz dialoqun necə aparılması ilə bağlı bir çox variantları görürük. Ona görə də mədəniyyətlərarası dialoqla bağlı ideyalar özü də bir təəssürat mövzusu olmalıdır. Bakı Forumu mədəni fərqlərin aradan qaldırılmasına yönələn təşəbbüslərin işıqlandırılması ilə nəticələndi. Çıxış edənlər etiraf etdilər ki, mədəniyyət artıq bir çox digər problemlərin həllinə müsbət təsir göstərən vasitə kimi qəbul edilməlidir. Ümumilikdə Bakı Forumu insanların anlaşması, bir-birini başa düşməsi istiqamətində müxtəlif vasitələri və müxtəlif yolları müəyyən etdi».
   Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev forumun iştirakçılarına təşəkkür edərək tədbirin uğurlu keçdiyini vurğuladı. Nazirin sözlərinə görə, Forumun əhəmiyyəti təkcə yeni ideyaların və təkliflərin irəli sürülməsində deyil, həm də fərqli mədəniyyətləri təmsil edən nümayəndələrin bir araya gələrək olduqca məhsuldar müzakirələr, fikir mübadilələri aparmasındadır: «Əminəm ki, burada irəli sürülən dəyərli ideyalar müxtəlif xalqlar arasında daha yaxşı anlaşmanın əldə edilməsində, mədəniyyətlərarası əlaqələrin daha da güclənməsində böyük rol oynayacaq. Forumun nəticəsi olaraq belə bir qərara gəldik ki, biz fərqli məkanlarda yaşasaq da, fərqli mədəniyyətləri təmsil etsək də, arzumuz birdir: sülh, xoşbəxtlik, firavanlıq, sağlamlıq”.
   Ə.Qarayev onu da bildirdi ki, Forumla bağlı Mədəniyyət və Turizm Nazirliyi tərəfindən xüsusi bir kitab nəşr ediləcək və buradakı bütün çıxışlar, müzakirələr kitabda öz əksini tapacaq: «Əsas nəticə buradakı fikirlərin, nəzər-nöqtələrinin müxtəlifliyidir ki, bu da nəticədə elə dialoqun əsasını təşkil edir. Deməli, dialoq mövcuddur. Buradakı ideyalar əminəm ki, daha yaxşı anlaşmaya xidmət edəcək».
   Forumun iştirakçıları belə bir yekdil qənaətə gəldiklərini bəyan etdilər ki, Azərbaycan sivilizasiyalar və mədəniyyətlərarası dialoqun müvəffəqiyyətlə gerçəkləşdiyi məkan kimi bütün dünya ölkələrinə nümunə olmağa layiqdir.
   
   Bakı Forumu bir tarixdir
   
   Sonra mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Bakı Forumunun yekunu ilə bağlı mətbuat konfransı keçirdi. Nazir bildirdi ki, tədbir beynəlxalq təşkilatların böyük marağına səbəb olub: «Yalnız onu demək kifayətdir ki, Parisdə, UNESCO-nun qərargahında və Strasburqda, Avropa Şurasının qərargahında Forumun keçirilməsi ilə bağlı təşkilat komitəsi yaradılıb. Marağı olan bütün beynəlxalq təşkilatlar bu tədbirin baş tutmasına öz töhfəsini verdi. Mədəniyyətlərarası dialoq bütün dünya üçün çox vacibdir və Azərbaycanın bununla bağlı təşəbbüsü yüksək qarşılandı. Forumun keçirilməsinə Azərbaycan dövləti tərəfindən yüksək səviyyədə dəstək verilməsi tədbirin əhəmiyyətini xüsusilə artırdı. Forum artıq tarixdir. Prezident İlham Əliyevin, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Forumda iştirakı bir daha sübut etdi ki, bu mövzu şəxsən ölkə prezidenti və onun xanımı üçün fövqəladə maraq doğuran bir mövzudur. Mədəniyyətlərarası dialoq mövzusuna ölkə rəhbərliyi tərəfindən belə diqqət ayrılması o deməkdir ki, bizim ölkə həqiqətən sülhsevər siyasət yeridir və bütün konfliktləri danışıqlar yolu ilə həll etmək istəyir».
   Forumda geniş əhatəli məsələlərin müzakirə olunduğunu deyən nazir bildirdi ki, bu məsələlərin hər biri ayrılıqda böyük bir tədbirin mövzusu ola bilər: “Bakı Forumunda bu məsələlərin birgə müzakirəsi özlüyündə mədəniyyətlərarası dialoq mövzusunun nə qədər geniş auditoriyanı əhatə etdiyini sübut edir. Digər tərəfdən, aparılan müzakirələr bu mövzuya müxtəlif baxışların mövcudluğunu ortaya qoydu. Bu baxışların müxtəlifliyi isə, yuxarıda qeyd etdiyim kimi, dialoq deməkdir. Hamı dinləyirdi, hamı düşünürdü və ortadakı bu rəngarənglik mövzunun vəhdətliyinə gətirib çıxarırdı. Bu forumun keçirilməsində bir neçə layihə önəmli qəbul olunmalıdır. Bu ilk növbədə dünyanın beş qitəsini birləşdirən 5A platformasıdır. Bu platforma artıq belə layihələrin gerçəkləşməsinə daha ciddi əsas verəcək. İkinci tərəfdən, şəhərlərin mədəniyyətlərarası dialoqa qoşulması bu mövzunun qlobal müzakirələrdən yerlərdə - bələdiyyə, meriya və şəhər icması səviyyəsində tətbiqinə şərait yaratdı. Yəni bu mövzu bir tərəfdən olduqca qlobaldır, digər tərəfdən isə yerlərdə özünü büruzə verəcək və konkret layihələrin gerçəkləşməsinə şərait yaradacaq. Şəhərlərin buna qoşulması ondan xəbər verir ki, şəhərlərin sakinləri artıq bu dialoqa hazırdırlar. Onların fikirlərini ifadə edən merlər öz çıxışlarında bildirdilər ki, insanlar konfliktləri istəmirlər, bir-biri ilə mehriban, dinc yanaşı yaşamaq istəyindədirlər. Şəhərlərin əmin-amanlığı isə dövlətin və cəmiyyətin sabit inkişafına əsas verir».
   Tədbirdə gənclərin roluna toxunan Ə.Qarayev onlar tərəfindən irəli sürülən layihələrin forumun keçirilməsinə xüsusi rəng qatdığını dedi: «Gənclərin mövqeyinin yaşlı insanlar tərəfindən qəbul edilməsi sübut etdi ki, bu gün yaşlı nəsil gəncləri eşitmək, dinləmək istəyir. Bu da bir dialoqdur, müxtəlif mədəniyyətlərin qovuşmasıdır. Yaşlı nəsil mədəniyyəti öz prinsipi üzərində qurulub, gənc nəslin mədəniyyətinin öz xüsusiyyətləri var, lakin bu dialoq da lazımdır».
   Nazir bildirdi ki, 80 ölkədən 450-yə yaxın dövlət rəsmisi, alim, ictimai təşkilat nümayəndəsi bir araya gələrək mədəniyyətlərarası dialoq mövzusunu müzakirə edirsə, deməli, bu məsələ dünya ictimaiyyətini narahat edir: «Bu baxımdan çox yaxşı haldır ki, Azərbaycan dövləti bütün dünyanı narahat edən məsələnin müzakirəsini öz üzərinə götürdü. Əminəm ki, hər dəfə bu mövzu ilə bağlı keçiriləcək forumun miqyası da genişlənəcək. Biz bu forumu 2-3 ildən bir keçirmək niyyətindəyik. Mədəniyyət və Turizm Nazirliyi olaraq çalışacağıq ki, bu prosesin siyasətimizin ayrılmaz hissəsinə çevrilməsi üçün lazımi işlər görək».
   
   Fəxriyyə Abdullayeva






Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar