Uşaq Kitabxanası məktəblilər üçün maarifləndirici tədbir keçirdi
Aprelin 26-da F.Köçərli adına Respublika Uşaq Kitabxanasında «Narkomaniyaya yox deyək!» adlı tədbir keçirildi. Məktəblilərin maariflənməsi məqsədilə keçirilən tədbiri kitabxananın direktoru Fizurə Quliyeva açaraq, narkomaniyanın əsrin ən dəhşətli xəstəliyi olduğunu bildirdi.
Kitabxananın elmi işlər üzrə direktor müavini Zahirə Dadaşova bu bəlanın yeniyetmə və gənclər arasında daha geniş yayıldığını diqqətə çatdıraraq, buna qarşı zəruri təbliğat və maarifləndirmə işinin genişləndirilməsinin vacibliyini vurğuladı. Z.Dadaşova statistik məlumatları təqdim etdikdən sonra hazırladığı slayd şounu təqdim etdi. “Öz həyatını zəhərləmə, yaşamaq üçün hə de», «Həyatını məhv etmə», «Həyatı sev və insan kimi yaşa», «Mütaliə edək» kimi şüarların yer aldığı slayd-şouda narkomaniya bəlasının yaranması, yayılması və dəhşətli nəticələri əksini tapmışdı.
Tədbirdə daha sonra Bakı Şəhər Narkoloji Dispanserin həkimi Təriqə Quliyeva çıxış edərək bildirdi ki, yeniyetmələr bir çox hallarda problemini çözmək üçün içki, siqareti çıxış yolu seçirlər. O, daha sonra məktəblilərin suallarını cavablandırdı.
Tədbir zamanı uşaqlar erkən yaşlarında narkotik aludəçisi olaraq AİDS-ə yoluxan gənclərdən alınan müsahibələrlə də tanış oldular. Sonda məktəblilər arasında mövzu ilə bağlı sual-cavab yarışı keçirildi. Mövzunu daha yaxşı anlayan və onu ifadə edənlərə kitabxana tərəfindən hədiyyələr təqdim olundu.
Gülər