Avqustun 30-da Suraxanı Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 2 nömrəli filialında Xalq şairi Mirvarid Dilbazinin 100 illik yubileyinə həsr olunmuş ədəbi-bədii kompozisiya təqdim olunub. Tədbirdə şairin həyat və yaradıcılığı haqqında geniş məlumat verilib, şeirlərindən nümunələr söylənilib. Həmçinin şairin kitabları və onun haqqında yazılmış bədii-publisistik materiallar da nümayiş etdirilib, oxucuları maraqlandıran suallar cavablandırılıb.
   * * *
   Beyləqan Rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin mərkəzi kitabxanasında Xalq şairinin 100 illiyinə həsr olunmuş “Şeirimizin incisi-Mirvarisi” adlı dəyirmi masa keçirilib, ədibin əsərlərindən ibarət kitab sərgisi təşkil edilib. Tədbirdə çıxış edənlər şairin həyat və yaradıcılığından, Azərbaycan ədəbiyyatının inkişafında mühüm xidmətlərindən ətraflı bəhs ediblər. Çıxışlarda M.Dilbazi yaradıcılığında Vətən, ana məhəbbəti, uşaq aləmi ilə bağlı mövzuların geniş yer aldığı, şairin ədəbiyyatımıza bəxş etdiyi maraqlı şeir nümunələrinin bütün zamanlarda yaşayacağı vurğulanıb.