Sentyabrın 17-dən 21-dək İtaliyanın Milan şəhərində VI Beynəlxalq Türk Mədəniyyət, İncəsənət və Mədəni İrsin Mühafizəsi Simpoziumu keçiriləcək.
   
   Azərbaycanın “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi tədbirin təşkilatçılarından biridir. Qurum Türkiyənin Konya Fikir, Mədəniyyət və Sənət Adamları Birliyi, İtaliyanın Politexnik Universiteti ilə birlikdə simpoziumun hazırlanması, elm və sənət adamlarının dəvət olunması, İtaliyaya səfərin təşkili və digər məsələlərin həllində iştirak edib. Türkiyədə fəaliyyət göstərən “Melas Tourism” və Azərbaycanda fəaliyyət göstərən “Heritage Travel” turizm şirkətləri səfərin təşkilinə dəstək veriblər.
   Miras İB-nin sədri Fariz Xəlilli bildirib ki, simpozium iştirakçıları İtaliyaya səfər zamanı Como gölündəki adaların birində aparılmış arxeoloji qazıntı ilə tanış olacaqlar. Sentyabrın 18-də Milan Politexnik Universitetində simpoziumun açılış mərasimi keçiriləcək. İki gün davam edəcək tədbirlərdə Azərbaycandan 50-yə yaxın elm və sənət adamı, alimlər, tarixçilər, arxeoloqlar, tədqiqatçılar, rəssamlar qatılaraq öz işlərini təqdim edəcəklər.
   Simpoziumda türk tarixi, ədəbiyyatı, folkloru, incəsənətinə dair məruzələr (rəsm əsəri, heykəl və s. türk plastik sənətləri və ənənəvi türk incəsənəti ilə bağlı mövzular), türk elmi (türk ictimai elm və texnika sahəsindəki bütün mövzular), türk arxeologiyası mövzuları dinləniləcək. Tədbir zamanı həmçinin beynəlxalq sərgi, “Miras” musiqi qrupunun ifasında Azərbaycan muğamı gecəsi təşkil olunacaq.