Slovakiyanın paytaxtı Bratislavada Avropa və Şimali Amerika regionu ölkələrinin UNESCO üzrə milli komissiyaları baş katiblərinin UNESCO ilə məsləhətləşmələri və bu qurum üzrə milli komissiyaların baş katiblərinin 16-cı iclası keçirilib. Tədbirdə son iki ildə UNESCO ilə əməkdaşlıq çərçivəsində görülmüş işlərlə bağlı hesabatlar dinlənilib, gələcək prioritetlər müzakirə olunub.
   UNESCO üzrə Azərbaycan Respublikası Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva çıxışında ölkəmizin qurumla əməkdaşlığından, həyata keçirilən tədbirlərdən və növbəti illər üçün nəzərdə tutulan layihədən söz açıb. Azərbaycanın təşkilatla əlaqələrinin genişlənməsində Heydər Əliyev Fondunun prezidenti, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rolundan bəhs edib, Fond tərəfindən ölkədə və dünyanın müxtəlif regionlarında həyata keçirilmiş layihələrdən danışıb.
   Günay Əfəndiyeva Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində mədəni irs nümunələrinin dağıdıldığını təəssüflə qeyd edərək bu məsələdə UNESCO-nun fəal rol oynayacağına ümid etdiyini bildirib.