Azərbaycanın birinci xanımı Mehriban Əliyeva toplantıda iştirak edib
   
   Oktyabrın 16-da Parisdə UNESCO-nun mənzil-qərargahında xoşməramlı səfirlərin illik toplantısı keçirilib. Azərbaycanın birinci xanımı, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyeva toplantıda iştirak edib.
   
   UNESCO-nun xoşməramlı səfirlərinin illik toplantısı təşkilatın təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə fəaliyyətinin əlaqələndirilməsi, yeni istiqamətlərin müəyyən olunması baxımından xüsusi əhəmiyyət daşıyır. Builki toplantı 2012-ci ildə dünyada təhsilin vəziyyətini öyrənmək üçün həyata keçirilən qlobal monitorinqin hesabatına həsr olunub.
   Toplantıda çıxış edən UNESCO-nun baş direktoru İrina Bokova təşkilatın prioritetləri və strategiyası barədə danışıb. Bildirib ki, qurumun yeni gündəliyinə “mədəni dünya və davamlı inkişaf” strategiyasının həyata keçirilməsi də daxildir. Bu sırada təhsil, elm, mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsi, sıx əməkdaşlıq mühitinin yaradılması böyük əhəmiyyətə malikdir. “Dünyada milyonlarla insanın təhsil hüququndan məhrum olduğunu nəzərə alsaq, o zaman bu sahənin inkişafının müasir günümüzdə nə qədər böyük əhəmiyyətə malik olduğunu görərik”, - deyən İrina Bokova bu sırada qızların təhsilinin daha çox diqqət mərkəzində saxlanmasının vacibliyini vurğulayıb.
   UNESCO-nun 22 xoşməramlı səfirinin və dünyanın müxtəlif ölkələrindən dəvət edilən onlarla sülhməramlı artistin iştirak etdiyi toplantıda təhsil və onun inkişafı ilə bağlı müzakirələr aparılıb.
   Xoşməramlı səfirlər çıxışlarında dünyada təhsilin inkişafını nəzərdə tutan və UNESCO tərəfindən irəli sürülən təşəbbüsün dəstəklənməsinin əhəmiyyətinə toxunaraq ölkələrində bu məqsədlə həyata keçirilən layihələrdən danışıblar. Çıxışlarda UNESCO-nun idealları naminə təşkilatın bütün dünyada fəaliyyətinə, həyata keçirdiyi layihələrə dəstək ifadə olunub. UNESCO-nun xoşməramlı səfirləri dünyada savadsızlığın azaldılması və digər əhəmiyyətli kampaniyalarda fəallıq göstərirlər. Bu ümumdünya məqsədlərinin reallaşmasında Azərbaycan da yaxından iştirak edir. Təsadüfi deyil ki, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biri də təhsilin inkişafıdır. Sonda xatirə şəkli çəkdirilib.