Xəbər verdiyimiz kimi, oktyabrın 8-9-da Gürcüstanın paytaxtı Tbilisidə Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” Mədəniyyət Proqramının birinci konfransı keçirilib. Konfransda Gürcüstan, Azərbaycan, Belarus, Moldova, Ermənistan və Ukraynadan dövlət qurumları və QHT sektorunu təmsil edən 120-dən artıq nümayəndə iştirak edib.
   
   Tədbirdə ölkəmizin nümayəndə heyətinə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva başçılıq edib. Nümayəndə heyətinə Mədəniyyət və Turizm Nazirliyi Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin Beynəlxalq təşkilatlarla əməkdaşlıq və proqramlar sektorunun müdiri Cahangir Səlimxanov, “Simurq” Azərbaycan Mədəniyyəti Assosiasiyasının prezidenti, professor Fuad Məmmədov, Avropa Birliyinin EuroEastCulture proqramının dəstək verdiyi regional qrant layihələrində iştirak edən üç QHT nümayəndəsi, proqramın Məşvərət Şurasına dəvət olunmuş rəssam Çingiz Babayev və Milli İncəsənət Muzeyinin İnnovasiyalar şöbəsinin rəisi Əminə Məlikova daxil idi.
   Konfransın “Mədəniyyətin ictimai, humanitar və iqtisadi inkişafda strateji rolu” mövzusunda plenar iclasında çıxış edən nazir müavini Azərbaycanda qeyri-maddi mədəni irsin qorunmasına dair Dövlət Proqramının həyata keçirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən danışıb.
   Tədbirdə “Şərq Tərəfdaşlığı” Proqramında iştirak edən ölkələr üzrə mədəniyyət siyasətinə dair təməl araşdırmalar və ümumi regional tədqiqatın hesabatı təqdim olunub, həmin mövzuya dair hökumət idarəçiliyi ilə vətəndaş cəmiyyəti təşəbbüslərinin ümumi meyarlar üzrə işlərinin qurulması, regionun inkişafında mədəniyyətin strateji rolu və digər məsələlər müzakirə edilib.
   Konfransda uğurlu təcrübəni əks etdirən xüsusi təqdimatlara da yer ayrılıb. Azərbaycandan “Ekosfera” İctimai Birliyinin sədri Firuzə Sultanzadə “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun Heydər Əliyev Fondu tərəfindən yenidən bərpası və bu məkanda müxtəlif dövlət qurumları, QHT-lər, yerli icmalar, gənc könüllülər, biznes şirkətlərinin bir araya gələrək fəaliyyət göstərməsi barədə dolğun məlumat təqdim edib.
   Tədbirin sonunda bəyanat qəbul edilib. Sənəddə qeyd olunur ki, Avropa Birliyi iştirakçı ölkələrdə modernləşmə proseslərinə yardımçı olan “Şərq Tərəfdaşlığı” Mədəniyyət Proqramına dəstək verir və nümunə kimi götürüləcək müsbət təcrübənin müəyyən edilməsində bütün tərəflər - dövlət sektoru, biznes və vətəndaş cəmiyyəti arasında daha sıx əməkdaşlığı zəruri sayır.
   
   * * *
   Səfər zamanı nazir müavini Sevda Məmmədəliyevanın Gürcüstan Milli Muzeyinin müdiri David Lordkipanidze və ICOM - Beynəlxalq Muzeylər Şurasının Gürcüstan Milli Komitəsinin sədri İnga Karaya ilə görüşündə iki ölkənin muzeyləri arasında əməkdaşlığın genişlənməsi məsələləri müzakirə edilib. Səfər çərçivəsində nümayəndə heyətimiz böyük ədib Mirzə Fətəli Axundzadənin Tbilisidə yeni bərpa edilmiş ev-muzeyi, “Artisterium” beynəlxalq müasir incəsənət festivalının “Karvasla” Tbilisi şəhəri muzeyində keçirilən sərgisi, Marneuli şəhərində yeni istifadəyə verilmiş “Çay evi” mədəniyyət mərkəzinə baş çəkib.
   
   Ceyhun